Səfiri Faiq Quliyev Saqareco rayonun Yormuğanlı kəndində 20 Yanvar və 9 Aprel qurbanlarının xatirəsinə ucaldılan "Şəhid" abidəsini ziyarət edib
Mərasimdə səfirliyin əməkdaşları, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, məhz bu kənddən olan 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları və ziyalılar iştirak ediblər.
Memorial abidənin önünə qərənfillər düzülüb, Azərbaycan və Gürcüstanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla anılıb, onların ruhuna dualar oxunub.
Səfir çıxışı edərək 20 Yanvar hadisələrinin səbəb və nəticələri barədə məlumat verib. Bildirib ki, Vətən uğurunda canlarından keçən şəhidlər hər il Gürcüstanda da hörmət və ehtiramla yad olunur. Gürcüstandan olan altı azərbaycanlı şəhidin xatirəsinin əbədiləşdirilməsi, onlar haqqında məlumatların toplanaraq gürcü dilində də çap olunması ilə bağlı təşəbbüslər var. Bu təşəbbüslər müzakirə olunacaq və qərar qəbul olunacaq.
“20 Yanvar qanlı tarix olsa da, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu tarixin gələcək nəsillərə və Gürcüstan ictimaiyyətinə çatdırılması çox vacibdir”, – deyə səfir vurğulayıb.
Qanlı Yanvar faciəsinin şahidi, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev çıxışında xalqımızın azadlıq mübarizəsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, şəhidlər Azərbaycan xalqının müstəqilliyinin əsasını qoyublar. Onlar öz qanları ilə xalqımızın qəhrəmanlıq tarixində parlaq səhifə yazıblar.
O, şəhidlərin ölməz olduğunu və onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını bildirib.
Daha sonra Səfir və onu müşayiət edən şəxslər Ələsgər Qayıbovun yaxınlarına baş çəkib, onların qayğıları ilə maraqlanıb.
Söhbət zamanı şəhidin doğulduğu kəndə xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub.