Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları
Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsasnamə" ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.
Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir. Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Səfirliyin konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 2 (iki) ayadək davam edə bilər.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun əsli və surəti;
- Gürcüstanda daimi və ya müvəqqəti yaşayış icazəsi haqqında sənəd və onun surəti;
- Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 saylı qrafaları doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anket üçün tələb olunur! Pasport üçün şəkil Konsulluqda çəkilir!);
- 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnu təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı;
- Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (Pasport üçün müraciət edən şəxsin sənədləri Səfirliyin Konsulluq bölməsində nəzərdən keçirildikdən sonra dövlət rüsumunun ödənilməsi ilə bağlı əlavə məlumat veriləcəkdir).
Diqqət!: 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi və ya dəyişdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi biletinin əsli və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışın əsli təqdim edilməlidir. Sözügedən sənədi təqdim etməyən şəxslərin pasport ilə bağlı müraciətləri qəbul edilmir.
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı anketdə (yaşayış yeri qrafasında - 1.6) öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.
18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun əsli və surəti;
- Gürcüstanda daimi və ya müvəqqəti yaşayış icazəsi haqqında sənəd və onun surəti;
- Doğum haqqında şəhadətnamənin əsli (doğum haqqında şəhadətnamə xarici dildə olduğu halda onun Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi) və surəti;
- Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 saylı qrafaları tam doldurulmalıdır);
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anket üçün tələb olunur! Pasport üçün şəkil Konsulluqda çəkilir!);
- Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi. Razılıq ərizəsi Azərbaycan dilində tərtib olunmalıdır. Gürcü dilində hazırlanmış razılıq ərizəsi Azərbaycan dilinə tərcümə olunmalı və notariusda təsdiq edilməlidir;
- Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
- Nikah haqqında şəhadətnamənin əsli və surəti;
- Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (Pasport üçün müraciət edən şəxsin sənədləri Səfirliyin Konsulluq bölməsində nəzərdən keçirildikdən sonra dövlət rüsumunun ödənilməsi ilə bağlı əlavə məlumat veriləcəkdir).
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı anketdə öz telefon nömrələrini və e-mail ünvanlarını (yaşayış yeri qrafasında – 1.6) qeyd etmələri xahiş olunur.
Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir.
Yeni ümumvətəndaş pasportunun Səfirliyin konsulluq bölməsi vasitəsilə rəsmiləşdirilməsi üçün pasport üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra on iş günü ərzində ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq dövlət rüsumu ödənilməlidir.
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.
Həmçinin qeyd edilən dövlət rüsumunun hökumət ödəniş portalları (https://e-payment.mia.gov.az , https://asanpay.az/intro/home) vasitəsilə onlayn şəkildə ödənilməsi mümkündür (qeyd edilən portallarda ödənişi yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür).
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.
Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.
Qeyd: Yeni ümumvətəndaş pasportu hazır olduqda, vətəndaşlar pasportlarını şəxsən Səfirliyin Konsulluq bölməsindən qəbul saatları zamanı təhvil ala bilərlər.
Səfirliyin konsulluq bölməsinin qəbul günləri və saatları: Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı və Cümə günləri saat 09:30-dan - 12:30-dəkdir.
Qeyd: Ümumvətəndaş pasportu itirildikdə və ya oğurlandıqda polisdən müvafiq arayış alınaraq Konsulluğa təqdim edilməlidir.
Son yenilənmə tarixi: 14.01.2025