Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ATƏT/DTİHB-nin Seçki müşahidəsi Missiyasının başçısı, Səfir Albert Yonsonu qəbul edib
23 sentyabr 2021-ci il tarixində qarşı tərəfin xahişinə əsasən, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ATƏT/DTİHB-nin Gürcüstandakı Seçki müşahidəsi Missiyasının başçısı, Səfir Albert Yonsonu qəbul edib.
Azərbaycan Səfirliyində qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev əslən İslandiyadan olan həmkarına Gürcüstanda yerinə yetirdiyi missiyada uğurlar diləyib. O, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının hər iki xalqın rifahına xidmət etdiyini və bütün Cənubi Qafqaz bölgəsində dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğu barədə ətraflı məlumat verib. Gürcüstanın sabitliyi və dayanıqlı inkişafının Azərbaycan maraqlarına tam cavab verdiyini söyləyən Səfir F.Quliyev Cənubi Qafqaz bölgəsinin tərəqqisinə xidmət edən Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığı barədə qonağa dolğun məlumat təqdim edib.
Söhbət əsnasında Səfir A.Yonson başçılıq etdiyi missiyanın fəaliyyətə başladığı dövrdən etibarən gördüyü işlərdən bəhs edib. O, seçkilər günü çoxlu sayda Missiya üzvlərinin həm ölkə paytaxtı Tbilisidə, həm də Gürcüstanın bütün bölgələrində müşahidələr aparacağını söyləyərək, əsas məqsədin seçki proseduralarına riayət olunmasına diqqət yetirməkdən ibarət olduğunu bildirib.
Görüşün sonunda Səfir A.Yonson Gürcüstanda həyata keçirdiyi görüşlər arasında Azərbaycan Səfirliyində də qəbul olunmasına görə bir daha minnətdarlıq ifadə edib və ölkəmizə qarşı səmimi rəğbətin bəslədiyini söyləyib.
Səfir F.Quliyev qonağa onun məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində bir daha müvəffəqiyyət arzulayib.