Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti 6-9 iyul tarixində Gürcüstanda rəsmi səfərdə olub
Nazir səfər çərçivəsində Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, xarici işlər naziri David Zalkaliani, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Kaxa Kuçava, baş nazir İrakli Qaribaşvili ilə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Səfər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün ziyarəti və önünə əklil qoyulması ilə başlayıb.
Anar Kərimov həmçinin Tbilisinin Botanika bağında görkəmli azərbaycanlıların panteonunu ziyarət edib, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüb. Nazir Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün büstünü də ziyarət edib, önünə əklil qoyub.
Anar Kərimov səfər çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Nəriman Nərimanovun xatirə muzeyini də ziyarət edib, Cəlil Məmmədquluzadənin ev muzeyinin vəziyyəti ilə tanış olub.
Nazir Mədəniyyət Mərkəzində Gürcüstanın azərbaycanlı ictimai və mədəniyyət xadimləri ilə də görüşüb. Sual-cavab formatında baş tutan görüşdə Azərbaycan icmasını mədəniyyət sahəsində qayğılandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, Anar Kərimov saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Kamandarın Marneulinin Kəpənəkçi kəndində ev muzeyinin təmirdən sonra rəsmi açılış mərasimində də iştirak edib. O, Tbilisidə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbirə və Azərbaycanın Gürcüstandakı səfirliyinin elan etdiyi böyük şairə həsr olunan rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminə də qatılıb, Gürcüstanın Milli Muzeyi, Bolnisi muzeyi, Marneulidəki Çay evinə də baş çəkib.