18 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia ilə görüş keçirmişdir
Görüşdə tərəflər iki dost və strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində də sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulamış, sözügedən sahələrdə bu əməkdaşlığın qorunub saxlanılması və daha da möhkəmləndirilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsinin vacibliyini və ikitərəfli səfərlərin əhəmiyyətini qeyd etmişlər.
Görüşdə həmçinin kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və yeni saziş layihələrinin imzalanması, o cümlədən Kür çayı hövzəsi və trans-sərhəd sularından birgə səmərəli istifadə sahəsində qanunvericilik bazası ilə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, görüşdə ikitərəfli ticarət dövriyyəsində qeyri-neft, xüsusilə kənd təsərrüfatı məhsullarının payının artırılması, bu sahədə hər iki ölkədə keçirilən beynəlxalq sərgi və konfranslarda dövlət və özəl sektor təmsilçilərinin qarşılıqlı iştirakının təşviqi imkanları nəzərdən keçirilmişdir.
Görüşdə hər iki ölkənin çətin günlərdə hər zaman bir-birinə dəstək verdiyi və bu xüsusda, COVID-19 pandemiyası şəraitində ölkələrimiz arasında həmrəylik və əməkdaşlıq qeyd olunaraq, SOCAR-ın Gürcüstanın sosial-iqtisadi sahədə aqro-dizel layihəsi də daxil olmaqla COVID-19 pandemiyası fonunda yerli fermerlərə dəstək məqsədi ilə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunmuşdur.
Tərəflər həm də kənd təsərrüfatı və ətraf mühit sahələrində Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini qeyd etmiş, ölkələrimiz arasında bu sahələrdə, o cümlədən fındıq istehsalının genişləndirilməsi, Qafqazda vəhşi təbiətin bərpası, biomüxtəlifliyin qorunması və digər bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirmişlər.