Xocalı soyqrımının 33-cü il dönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən anım mərasimi keçirilmişdir.
Cari ilin 26 fevral tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi və təşəbbüsü, eləcə də Tbilisi şəhərindəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı əsasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Anım tədbirində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli şəhərinin meri Kənan Ömərov, Xocalı soyqırımında ailə üzvləri şəhid olmuş soydaşımız Gülnaz Çıldırlı və onun yaxınları, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, eyni zamanda Azərbaycan Respublikasının və Gürcüstanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva, Gürcüstanın tanınmış politoloq, tarixçi və elm adamları – politoloq və tarix elmləri doktoru Badri Natçkebia, tarixçi və Qafqaz bölgəsi üzrə ekspert Simon Kapadze, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev, eləcə də Gürcüstandakı icma təşkilat rəhbərləri, Gürcüstanın azərbaycanlı icmasının üzvləri və mətbuat nümayəndələri iştirak etmişdirlər.
Xocalı soyqrımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Anım tədbirində açılış nitqi ilə çıxış edən Səfir Faiq Quliyev tədbir iştirakçılarına 33 il öncə Xocalıda dinc vətəndaşlarımıza qarşı törədilmiş soyqırım, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı yürütmüş olduğu qətliam və etnik təmizləmə siyasəti barədə məlumat vermişdir. Xocalı soyqırımına dair ilk siyasi qiymətin məhz ölkəmizin ağır günlərində xalqımızın təkidilə 1993-cü ildə hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edən Səfir F.Quliyev, Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq müstəvidə “Xocalıya Ədalət” şüarı ilə təbliğ edilməsi istiqamətində görülmüş işlər və müxtəlif ölkələr tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilmiş qərar və qətnamələr haqda bəhs etmişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, eləcə də onun rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş əzəli torpaqlarımızın o cümlədən, Xocalının düşmən işğalından azad edildiyini bildirən diplomat, bu gün Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, üçrəngli dövlət bayrağımızın Xocalıda dalğalandığını və tarixi ədalətin bərqərar olunduğunu vurğulamışdır. Tədbir iştirakçılarına Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin Gürcüstan ictimaiyyətinə çatdırılması məqsədilə Səfirlik tərəfindən mütəmadi olaraq görülən işlər barədə məlumat verilmiş, həmçinin Gürcüstandakı soydaşlarımızın bu istiqamətdəki səylərinin və soyqırım həqiqətlərinin gənc nəsillərə çatdırılmasının əhəmiyyəti qeyd olunmuşdur. Eyni zamanda, Xocalı soyqırımının tanınması ilə bağlı Gürcüstan Parlamenti qarşısında məsələnin qaldırılması istiqamətində əməli addımların atılması üçün də tədbir iştirakçılarına çağırış edilmişdir.
Anım tədbirində iştirak edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova, Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq müstəvidə çatdırılmasının əhəmiyyəti, eləcə də təmsil etdiyi qurumun müxtəlif ölkələrdə bu istiqamətdəki fəaliyyəti barədə bəhs etmişdir. Gürcüstandakı soydaşlarımızın ölkəmizin şad və kədərli günlərində hər zaman Azərbaycan dövlətinin yanında olduğunu bildirən Ş.Binnətova, Gürcüstandakı soydaşlarımıza münasibətdə müəyyən edilmiş dövlət siyasətinin Səfirlik tərəfindən uğurla icra olunduğunu söyləmişdir.
Daha sonra Xocalı soyqırımında ailə üzvləri şəhid olmuş soydaşımız Gülnaz Çıldırlı çıxış edərək faciə gecəsi dinc və əli yalın Xocalı sakinlərinin üzləşdiyi qəddarlıqlar barədə məlumat vermiş, Gürcüstandakı soydaşlarımızın bu qanlı faciəni hər zaman yaddaşlarda yaşadacağını söyləmiş və bu cür anım tədbirlərinin mütəmadi olaraq təşkil edildiyinə görə Səfirliyə təşəkkürünü bildirmişdir. Xocalı soyqırımının sağalmaz yara olduğunu qeyd edən G.Çıldırlı, hazırda Xocalıda dövlət bayrağımızın dalğalanmasından qürur duyduğunu söyləmişdir.
Anım tədbiri çərçivəsində çıxış edən politoloq və tarix elmləri doktoru Badri Natçkebia Xocalıda törədilmiş soyqırımla bağlı fikirlərini çatdırarkən bu cür soyqırım aktının bir daha təkrarlanmaması məqsədilə, mülki şəxslərin qətlində iştirak etmiş cinayətkarların beynəlxalq məhkəmələr qarşısında mühakimə edilməli olduqlarını söyləmişdir. Eyni zamanda, Səfirliyin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan həftəsi” rubrikası çərçivəsində Xocalı həqiqətlərinin Gürcüstan ictimaiyyətinə çatdırılması üçün tammetrajlı verilişin hazırlanacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tarixçi, Qafqaz bölgəsi üzrə ekspert Simon Kapadze isə çıxışında Xocalı soyqırımının yalnız Azərbaycandakı insanlara qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi və daha sonra 2023-cü ilin sentyabr ayında lokal xarakterli anti-terror əməliyyatında əldə etdiyi parlaq zəfərdən bəhs edən ekspert, qeyd olunmuş dövrlərdə Azərbaycan tərəfinin erməni əsilli mülki şəxslərə qarşı heç bir qisas məramlı addım atmadığını vurğulamışdır. O, tezliklə Gürcüstanın da ərazi bütövlüyü və suverenliyini bərpa etməsini arzuladığını bildirmiş və o günün yaxınlaşdırılması məqsədilə düşünülmüş ardıcıl siyasətin aparılmalı olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən Suxumi Dövlət Universitetinin professoru, Quram Marxuliya Xocalı soyqırımı həqiqətlərinin Gürcüstanda və ölkə hüdudlarından kənarda tanıdılması məqsədilə görmüş olduğu işlər barədə məlumat vermişdir. O, tarix boyu erməni millətçilərinin yerləşdikləri bölgədən asılı olmayaraq, azərbaycanlılarla yanaşı digər xalqlara qarşı da qanlı cinayətlər törətdiyini və onları etnik təmizləmələrə məruz qoyduğunu söyləmişdir. Azərbaycan dövlətinin uzun müddət ərzində yürütmüş olduğu məqsədyönlü siyasətin müsbət nəticələrindən söz açan Q.Marxuliya, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsinin tarixi uğur olduğunu bildirmişdir.
Anım tədbirdə iştirak edən Marneuli şəhərinin meri Kənan Ömərov, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev də Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşmüş, soyqırım həqiqətlərinin gənc nəsillərə çatdırılmasının önəmini qeyd etmiş və xalqımızın bir daha bu cür faciələrlə üzləşməməsini arzu etmişdir.
Daha sonra Gürcüstanın tanınmış qum sənəti üzrə rəssamı Nona Qiunaşvili tərəfindən Xocalı soyqırımı ilə bağlı qum sənəti əsəri canlı olaraq nümayiş olunmuşdur. Xocalı soyqırımını əks etdirən motivlər əsasında ərsəyə gələn qum sənəti əsəri, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Anım tədbiri yekunlaşdıqdan sonra Səfirlik tərəfindən Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ehsan verilmişdir.
https://www.facebook.com/story.php?story_fbid=1037489705081568&id=100064616447240&rdid=zr9FQgDHGogK3fB9#