Gürcüstana rəsmi səfər edən Azərbaycan Respublikasının Təhsil naziri E.Əmrullayev Gürcüstandakı Azərbaycan icmasının təmsilçiləri ilə Səfirlikdə görüşərək doğma dildə təhsil məsələləri ilə bağlı fikir mübadiləsi aparmışdır
20 fevral 2022-ci il tarixində Gürcüstana rəsmi səfərlə gələn Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Səfirlikdə Gürcüstandakı Azərbaycan icmasının fəal ziyalıları ilə görüşmüşdür. Görüş zamanı icmanı təmsil edən ali və orta məktəblərin pedaqoji heyəti, təhsil sahəsində fəaliyyət göstərən vətəndaş fəalları və QHT nümayəndələri, ayrı-ayrı nüfuzlu ziyalılar Gürcüstanda Azərbaycan dilində tədris prosesinin təşkili sahəsində hazırkı mərhələdə mövcud olan vəziyyətdən bəhs etmiş, öz rəy və təkliflərini bildirmişdirlər.
Azərbaycan Respublikasının Təhsil naziri E.Əmrullayev başda olmaqla Bakıdan gələn nümayəndə heyətinin üzvləri Gürcüstan tərəfi ilə müntəzəm əsasda aparılan əməkdaşlıq sayəsində indiyə qədər görülmüş işlər, o cümlədən Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərslik və pedaqoji ləvazimatların təqdim edilməsi barədə bəhs etmişdirlər. Onlar hazırkı rəsmi səfərin də Azərbaycan Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlığın daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə dair qənaətləri ilə bölüşmüş və qaldırılan aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsini aparmışdırlar.
Təhsil sahəsində çalışan ziyalılar bu görüşün təşkil edilməsinə görə Səfirliyə və bu fürsətdən istifadə edib məzmunlu müzakirələrin aparıldığı üçün Nazir E.Əmrullayevin başçılığı altında bütün Azərbaycan nümayəndə heyətinə təşəkkür bildirmişdirlər.