Tbilisidə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək faciənin başvermə səbəbləri, acı nəticələri barədə məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsi anti-Azərbaycan qüvvələrin azərbaycanlılara qarşı başlatdığı mənfur siyasətin davamı idi. Amma həmin qüvvələr xalqımızın mübarizə əzmini, azadlıq hissini boğa bilmədilər. Ona görə də deyə bilərik ki, 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb.
Tədbirdə Gürcüstan parlamenti sədrinin müavini vitse-spikeri Arçil Talakvadze də çıxış edərək, ölkələrimizin oxşar taleyindən danışıb: “Biz bu gün 1990-cı ildə Azərbaycanda baş verən hadisələr zamanı dünyasını dəyişmiş qəhrəmanları, öz canlarından keçən vətəndaşları hörmətlə andıq. Bizim borcumuzdur ki, bu gün dostlarımızla - azərbaycanlılarla birlikdə olaq və bu günü birlikdə anaq. Eyni zamanda, bilirik ki, azərbaycanlı dostlar da 9 apreldə baş verən hadisələri, orada dünyasını dəyişən qəhrəmanları də birlikdə anırlar”.
Onun sözlərinə görə, bu, bizim dövlətlərimizin dostluğunun və qardaşlığının simvoludur.
Sonra digər çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar.
Bildirilib ki, xalqların azadlıq mübarizə əzmini qırmaq olmaz. Qan bahasına əldə olunan müstəqillik əbədi olur.
Qeyd edək ki, 20 Yanvar şəhidləri arasında 6 nəfər əslən Gürcüstan azərbaycanlısı da var.