Səfir Faiq Quliyev Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüş keçirmişdir
2021-ci ilin aprel ayının 21-də Səfir Faiq Quliyev ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze arasında görüş keçirilmişdir.
Görüşün əvvəlində Səfiri salamlayan rektor, Gürcüstanın tarixi əhəmiyyətə malik təhsil ocağında Azərbaycan səfirini görməkdən məmnunluq duyduğunu, strateji tərəfdaş olan ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksələn templə davam etdiyini bildirmişdir.
Görüşdə, həmçinin Bakı Dövlət Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılmış, rektorların qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətindən söz açılmışdır.
Rektor 2019-cu ilin noyabr ayının 26-da Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün ölkəmizdə olduğunu, Azərbaycanın inkişaf tempindən fərəhləndiyini, Tbilisi Dövlət Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Görüşdə Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və ədəbiyyatı fakultəsinin yaradılması, həmçinin qeyd olunan fakultənin yaranmasının Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin qarşısını alacağına dair müzakirələr aparılmışdır.
Səfir G.Şarvaşidzenin ölkəmizlə əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edərək, Tbilisi Dövlət Universiteti ilə Səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.
Daha sonra Səfir Tbilisi Dövlət Universitetində yerləşən Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmuşdur. Universitet rəhbərliyi Mərkəzin təmir işlərinin növbəti tədris ilinin başlanmasına qədər yekunlaşacağını bildirmişdir.