Səfir Faiq Quliyev “Beynəlxalq Maarif Məktəbi”nin Gürcüstan təmsilçisi Faruk Tekşen və qurumun digər əməkdaşlarını qəbul edib.
Səfir Faiq Quliyev “Beynəlxalq Maarif Məktəbi”nin Gürcüstan təmsilçisi Faruk Tekşen və qurumun digər əməkdaşlarını qəbul edib.
2025-ci ilin aprel ayının 25-də Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev “Beynəlxalq Maarif Məktəbi”nin Gürcüstan təmsilçisi Faruk Tekşen, Tbilisidəki "Maarif Məktəbi"nin müdiri Yunus Emre Koç və Marneulidəki məktəbin müdiri Murat Kördemiri, eləcə də qurumun inzibati işlər üzrə məsul əməkdaşı İrakli Artmeladzeni qəbul etmişdir.
Görüşün əvvəlində qonaqları salamlayan Səfir F.Quliyev, F.Tekşeni Gürcüstandakı vəzifəyə təyinatı ilə bağlı təbrik etmiş və işlərində uğurlar arzulamışdır. Daha sonra Gürcüstandakı soydaşlarımızın təhsilinə Azərbaycan Respublikası tərəfindən göstərilən dəstək və icra olunan layihələr barədə Səfir məlumat vermiş, qardaş Türkiyə tərəfindən də bu istiqamətdə işlərin görülməsini yüksək qiymətləndirmişdir. Eyni zamanda, Gürcüstandakı Azərbaycan dilli məktəblər barədə müzakirələr aparılmışdır.
Daha sonra, rəhbəri olduğu təhsil ocağı barədə məlumat verən F.Tekşen, “Beynəlxalq Maarif Məktəbi”nin 2019-cu ildə açılışının edildiyini bildirmiş, orada təhsil alanların əksəriyyətinin azərbaycanlılar olduğunu qeyd etmişdir. Əsasən şagirdlərin Marneuli, Qardabani, Rustavi və Bolnisi rayonlarından olduqları barədə F.Tekşen tərəfindən məlumat verilmişdir. Əlavə olaraq, F.Tekşen “Beynəlxalq Maarif Məktəbi” tərəfindən beynəlxalq bakalavriat və Kembric sistemlərinə paralel olaraq özəl təhsil sisteminin hazırlandığını söyləmiş, yaxın gələcəkdə bu sistemin beynəlxlaq səviyyədə tanınması üçün müvafiq işlərin aparıldığını diqqətə çatdırmışdır.
Səfir F.Quliyev “Beynəlxalq Maarif Məktəbi”ndə təhsil alanlar arasında azərbaycanlıların üstünlük təşkil etməsindən məmnun olduğunu qeyd etmişdir.
Görüş çərçivəsində həmçinin, Səfirlik ilə “Beynəlxalq Maarif Məktəbi” arasında mümkün birgə tədbirlərin keçirilməsi müzakirə edilmişdir.