Qanlı 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb
Səfir Faiq Quliyev və səfirliyin əməkdaşları Gürcüstandan olan şəhidlərin məzarlarını, ailə üzvlərini və yaxınlarını ziyarət ediblər.
Səfir əvvəlcə Marneuli rayonunun Kirəc-Muğanlı kəndindən olan şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsinə baş çəkib. Diplomat şəhidin yaxınlarına başsağlığı verib və ailənin qayğıları ilə maraqlanıb. O bildirib ki, 20 Yanvar şəhidləri arasında Gürcüstandan olan 6 soydaşımız var. Azərbaycan səfirliyi onların ailə üzvlərinin və yaxınlarının qayğılarını hər zaman diqqətdə saxlayır.
Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) adından şəhidin ailəsinə ərzaq sovqatı təqdim olunub.
Anım mərasimində AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və başqaları Azərbaycan və gürcü xalqlarının oxşar taleləri, azadlıq uğurundakı mübarizələri barədə danışıb, Vətən uğurunda canlarından keçən qəhrəmanların heç zaman unudulmayacağını vurğulayıblar.
Mərasimdə Marneuli merinin müavini Zaur Tabatadze, kənd ziyalıları və ağsaqqalları da iştirak ediblər.
Sonra səfir və onu müşayiət edən şəxslər Marneuli rayonu Qızılhacılı kəndində “20 Yanvar” şəhidi Mursaqulov İsmayıl Həsən oğlunun ailə üzvləri, Bolnisi rayonu Faxralı kəndində “20 Yanvar” şəhidi Əhmədov İlqar Hümbət oğlunun kənddə yerləşən məzarını və ailə üzvləri, Bolnisi rayonu Kəpənəkçi kəndində “20 Yanvar” şəhidi Turabov Tengiz Məmməd oğlunun ailə üzvləri, Qardabani rayonu Ağtəhlə kəndində “20 Yanvar” şəhidi İsmayılov Rəşid İslam oğlunun Qardabani rayonu Ağtəhlə kəndində yaşayan ailə üzvləri ilə görüşüblər.
Diplomat şəhid ailələrinin qayğıları ilə maraqlanıb, görüləcək işlərdən danışıb.
Qeyd edək ki, səfir və səfirliyin əməkdaşları yanvarın 21-də Saqareco rayonu Yor-Muğanlı kəndində “20 Yanvar” abidəsini ziyarət edəcək, “20 Yanvar” şəhidi Qayıbov Ələsgər Yusif oğlunun ailə üzvləri ilə görüşəcəklər.