27 sentyabr – Anım Günü ilə bağlı Gürcüstanda anım mərasimləri keçirilmişdir
Gürcüstanda 27 sentyabr – Anım Günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Səfirlikdə təşkil edilən tədbirdə Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri, Türkiyənin Tbilisidəki səfirliyinin hərbi attaşesi polkovnik Burak Altunər, attaşe aparatının zabitləri və digər rəsmi şəxslər iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Səfirliyin foyesində yaradılmış fotosərgi ilə tanış olublar.
Sonra tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfirliyin müşaviri Eldar Bayramov tədbiri açaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat vermişdir. O, bir il əvvəl Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz cəhdinə əl ataraq Azərbaycan ərazilərinə müxtəlif istiqamətlərdən hücum etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Qeyd edilmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun bölmələri düşmənin hücumunun qarşısını almış və əks-hücum əməliyyatlarına başlamışdır. 44 günlük Vətən müharibəsinin rəşadətli Azərbaycan Ordusunun qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə bitməsinin dondurulmuş münaqişə mifinin yalan olduğunu sübuta yetirdiyi vurğulanmışdır.
İşğal altındakı ərazilərimizdə erməni vandallarının törətdiyi vəhşiliklər barədə gürcü jurnalistlərin də xüsusi reportajlar hazırladıqları, artıq dünya ictimaiyyətinə bununla bağlı məlumatlar çatdırıldığı bildirilmişdir. Xatırlanmışdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda şəhidlərin Anım Günü kimi qeyd edilir.
Daha sonra Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan sənədli film nümayiş olunmuşdur.
Tədbirdə Vətən Müharibəsi ərəfəsində ölkəmizə səfər edən jurnalistlər, müharibə birdikdən sonra işğaldan azad olunan ərazilərimizə səfər edən ictimai xadimlər və ekspertlər çıxış edərək öz təəsüratları ilə bölüşmüşlər.
Anım mərasiminin sonunda Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan ehsan süfrəsi açılmışdır.
Səfirlikdə keçirilən anım mərasimindən sonra Səfirliyin əməkdaşları Gürcüstanın Bolnisi və Marneuli rayonlarına səfər edərək, Vətən Müharibəsinin ilk günündə şəhid olan vətəndaşlarımızın adıçəkilən rayonlarda yaşayan yaxınlarına başsağlığı vermişlər.
Həmçinin, Səfirliyin müraciəti əsasında “SOCAR Energy Georgia” şirkətinin intizibati binası Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının dövlət bayrağının rənglərində işıqlandırılmışdır.