“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində 24 sentyabr 2015-ci il tarixində  BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb.

Görüş zamanı Laborde Suriya və İraqa vuruşmaq üçün gedən çoxlu sayda xarici döyüşçülərin təhlükəsizlik üçün təhdid olduğunu qeyd etdi. Azərbaycan Respublikasının terrorçuluqdan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan icraçı direktor, terrorçuluqla mübarizə sahəsində ölkəmizin gördüyü işləri yüksək qiymətləndirdi. Bu sahədə ölkəmizlə yaxın əməkdaşlığın vacibliyini bildirdi və bu məqsədlə, Azərbaycana səfər etmək niyyətini diqqətə çatdırdı.

Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və İcraedici Direktorluğun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirdi. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir, bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. Əlavə olaraq, Elmar Məmmədyarov məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacib olduğunu vurğuladı. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan xarici döyüşçülərlə bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu bildirdi.

Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həlli üçün vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti