Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İlya Dövlət Universitetinin (İDU) rektoru Nino Doborcginidze ilə görüşüb.
Qonağı səmimi qəlbdən salamlayan xanım rektor Azərbaycan səfirini ali təhsil ocağında qəbul etməkdən şərəf duyduğunu bildirib. İkitərəfli münasibətlərə toxunan Nino Doborcginidze Azərbaycanın Gürcüstanın əsas strateji müttəffiqi, etibarlı və əvəzsiz tərəfdaşı olduğunu deyib. Rektor rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə müxtəlif beynəlxalq layihələr çərçivəsində sıx əməkdaşlığının mövcud olduğunu diqqətə çatdırıb. Nino Doborcginidze Gürcüstan və Azərbaycanın elm və təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.
İDU rektoru Azərbaycan səfirinə ali məktəbin tələbələri üçün açıq mühazirələr deməyi təklif edib. O, bu mühazirələrin universitetin tələbələri ilə yanaşı professor-müəllim heyəti üçün də böyük maraq kəsb edəcəyinə əminlik ifadə edib.
Nino Doborcginidze universitetdə təhsil alan tələbələr arasında çox sayda soydaşlarımız və Azərbaycan vətəndaşlarının olduğunu qeyd edib. O, Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) təqaüdü əsasında təhsil alan Gürcüstanın azərbaycanlı tələbələrinin 70-80%-nin məhz İDU-nun payına düşdüyünü bildirib. Xanım rektor azərbaycanlı tələbələrin bilik və bacarıqlarını yüksək qiymətləndirərək onların ali məktəbin müxtəlif layihələrində yüksək fəallıq göstərdiklərini vurğulayıb.
Səfir Faiq Quliyev öz növbəsində Gürcüstanın nüfuzlu ali təhsil ocağında səmimi qəbula görə minnətdarlığını ifadə edib. O, Azərbaycan və Gürcüstan arasında nümunəvi dostluq və qardaşlıq münasibətlərini xüsusilə qeyd edib, elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlığın son illər ərzində genişləndiyindən söz açıb, qarşı tərəfi iki ölkənin ali məktəbləri arasında mövcud əlaqələr və onların daha da güclənməsi istiqamətində görülən işlər barədə məlumatlandırıb.
Səfir Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda sosial-humanitar sahədə həyata keçirilən böyük həcmli investisiya layihələri barədə də danışıb, il ərzində təxminən 1 500 - 1 600 nəfər azərbaycanlı tələbənin SOCAR şirkətinin təqaüdü hesabına təhsil aldığını diqqətə çatdırıb.
Gürcüstanın azərbaycandilli məktəblərində müəllim çatışmazlığı məsələsinə toxunan səfir qarşı tərəflə İDU-da Azərbaycan dili və ədəbiyyatı kafedrasının açılması imkanlarını da müzakirə edib.
Faiq Quliyev həmçinin İDU-da Azərbaycan auditoriyasının yaradılması təklifini də irəli sürüb. Onun sözlərinə görə, bu auditoriya həm tələbələr, həm də müəllim heyəti üçün Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanışlıq, həmçinin Azərbaycan-Gürcüstan münasibətləri və qarşılıqlı əlaqələrin təşviq olunmasına xidmət edə bilər.
Səfir rektora İDU-da açıq mühazirələrlə bağlı təklifinə görə minnətdarlıq edib. O, bu cür mühazirələri Azərbaycanın müasir tarixi, regional və qlobal arenalarda oynadığı rol, Gürcüstanla münasibətləri və digər aktual mövzularla bağlı mövqeyinin geniş auditoriyaya çatdırılması baxımından yaxşı fürsət kimi qiymətləndirib.
Görüş səsləndirilən təklif və təşəbbüslər ətrafında müzakirələrlə davam etdirilib, ali təhsil sahəsində ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.