Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev Estoniyanın Gürcüstanda yeni təyin olunmuş Səfiri Marge Mardisalu-Kahar ilə görüşüb.
Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Estoniyanın Gürcüstanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Marge Mardisalu-Kahar ilə görüşüb.
Estoniya Səfirini Azərbaycan Respublikasının Səfirliyində salamlayan Səfir F.Quliyev, həmkarını yeni təyinatı münasibətilə təbrik edib. Azərbaycanla Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri, Azərbaycan kapitallı şirkətlər tərəfindən Gürcüstana investisiya qoyuluşu, yerinə yetirilmiş və perspektiv, eləcə də regional əhəmiyyət daşıyan nəhəng layihələr barədə həmkarına məlumat verən Səfir F.Quliyev, Azərbaycan və Gürcüstanın iştirakı ilə icra olunan iqtisadi layihələrin bütövlükdə Cənubi Qafqaz regionunun rifahına və təhlükəsizliyinə töhfə verdiyini söyləmişdir.
2020-ci ilin sentyabr ayında başlamış 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan Respublikası üzrərində əldə edilmiş parlaq zəfər və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu lokal xarakterli anti-terror əməliyyatı nəticəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılmış, hazırda Azərbaycanın sülh danışıqları prosesində nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə qarşı tərəfə ətraflı məlumat təqdim edilmişdir.
Qəbula görə təşəkkür ifadə edən Səfir Marge Mardisalu-Kahar, Azərbaycan Respublikasının Səfirliyindəki nəzakət görüşündən məmnun olduğunu qeyd etmişdir. O, Cənubi Qafqaz regionunda Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr barədə məlumata görə Səfir F.Quliyevə təşəkkürünü bildirmiş, Azərbaycan Respublikası və Estoniya arasındakı mövcud münasibətlər və əməkdaşlıq perspektivlərindən bəhs etmişdir.
Eyni zamanda, tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.