Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Şida Kartli bölgəsinə səfər edib.
Səfir regionun inzibati mərkəzi olan Qori şəhərində Şida Kartli qubernatoru Mixeil Şakulaşvili və şəhər merinin birinci müavini Nika Qviniaşvili ilə görüşüb.
Qubernator qonağı səmimi qəlbdən salamlayaraq Azərbaycan səfirinin bölgəyə təşrif buyurmasından böyük şərəf duyduğunu bildirib. Mixeil Şakulaşvili Şida Kartli bölgəsində iqtisadiyyat, sosial, humanitar sahələrdə həyata keçirilən layihələr barədə məlumat təqdim edib. O, 2008-ci ilin avqust müharibəsindən sonra bölgəyə daxil olan dörd bələdiyyədə “işğal xətləri”nin yarandığını qeyd edib. Qubernator bölgə rəhbərliyinin əsas prioritet məsələləri kimi yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi, humanitar problemlərin və qaçqınları narahat edən məsələlərin həllini göstərib.
Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan Mixeil Şakulaşvili iki ölkə və xalqı sıx dostluq və qardaşlıq münasibətlərinin birləşdirdiyini bildirib. Müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu vurğulayan qubernator Şida Kartli bölgəsinin Gürcüstanla Azərbaycan arasında regionlararası əməkdaşlığıa töhfə verməyə hazır olduğunu deyib. O, dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində addımların atılacağına ümidvarlıq ifadə edib.
Gürcüstanın etnik müxəlifliyini vurğulayan qubernator Şida Kartli bölgəsində də milli azlıq nümayəndələrinin dinc mühitdə yaşadığını, onların adət-ənənələrinin qorunub saxlanılması üçün şəraitin mövcud olduğunu bildirib. O, bölgədə azərbaycanlıların yaşadığı kəndlərdə həyata keçirilən önəmli infrastruktur layihələrinə diqqət çəkib və gələcək planlardan söz açıb.
Mixeil Şakulaşvili 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan səfirini təbrik edərək dost və qardaş Azərbaycan dövlətinə və xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
Qori merinin birinci müavini Nika Qviniaşvili öz növbəsində şəhərin potensial imkanları və sosial-iqtisadi sahə üzrə əsas prioritetlərə diqqət çəkib, şəhərin böyük turizm potensialından söz açıb. O, Qorinin dünyanın bir sıra ölkələrinin şəhərləri ilə qardaşlaşdığını vurğulayaraq Azərbaycan şəhərləri ilə də analoji əməkdaşlığın qurulması təklifi ilə çıxış edib.
Səfir Faiq Quliyev səmimi qəbula görə Şida Kartli bölgəsinin rəhbər şəxslərinə minnətdarlığını bildirib. Qori şəhəri ilə yaxından tanışlığın xüsusi önəm kəsb etdiyini vurğulayan səfir 2008-ci ildə münaqişə dövründə Azərbaycan dövlətinin dəstəyi ilə bölgənin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə göstərilən humanitar yardımı xatırladıb. Onun sözlərinə görə, Azərbaycan hər zaman ən ağır dövrlərdə dost və qardaş Gürcüstana dəstəyini və yardımını əsirgəməyib. Vurğulayıb ki, Gürcüstan da hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyinə müxtəlif regional və beynəlxalq platformalarda davamlı dəstəyini nümayiş etdirib.
Bölgədə dayanıqlı sülhün təminatında Gürcüstan hakimiyyətinin təşəbbüs və səylərini yüksək qiymətləndirən Faiq Quliyev bu kontekstdə Baş nazir İrakli Qaribaşvilinin birbaşa vasitəçiliyi ilə ötən ilin iyun ayında Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşma və bu ilin iyulunda iki ölkənin xarici işlər nazirlərinin Tbilisidə baş tutan ilk ikitərəfli görüşünü qeyd edib.
Səfir Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirib ki, son illər ərzində qarşılıqlı əsasda baş tutan bir sıra yüksək səviyyəli səfərlər əlaqələrin daha da güclənməsinə təkan verir.
Faiq Quliyev Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə bölgədə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin önəmini də qeyd edib, həyata keçirilmiş irihəcmli investisiyaların xalqların rifahı və ölkələrin iqtisadi inkişafına xidmət etdiyini deyib. O, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanın Gürcüstanın regionları ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan səfir son il ərzində iki ölkənin qardaşlaşmış şəhərlərinin sayının artıdığına diqqət çəkib. Səfir bildirib ki, iki ölkənin bölgələri arasında fəal əlaqələr və səmərəli əməkdaşlığın qurulması və genişlənməsi işində regionlararası forumlar mühüm rol oynaya bilər.
Faiq Quliyev Qori şəhərinin Azərbaycan üçün kəsb etdiyi önəmdən söz açaraq, 1918-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasında Azərbaycanın bir sıra görkəmli elm, maarif və mədəniyyətin xadimlərinin təhsil aldığını bildirib. O, elə həmin ildə seminariyanın Azərbaycan bölməsinin Qazax şəhərinə köçürldüyünü qeyd edib, ADA Universiteti tərəfindən Qazax Müəllimlər Seminariyasının tarixi binasının əsaslı şəkildə yenidən qurulduğunu diqqətə çatdırıb. Səfir bu baxımdan Qazax və Qori şəhərlərinin qardaşlaşmasını təklif edib.
Görüşdə Azərbaycanın dəstəyi ilə Gürcüstanda reallaşdırılmış humanitar layihələrin əhəmiyyətindən, soydaşlarımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışılıb.
Qubernator Mixeil Şakulaşvili koronavirus pandemiyası dövründə Azərbaycan səfirliyi və SOCAR şirkətinin Şida Kartli bölgəsinin sakinlərinə göstərdiyi humanitar yardımı xüsusi minnətdarlıqla xatırlayıb. O, Azərbaycanın çətin dövrlərdə hər zaman Gürcüstana göstərdiyi dəstəyi yüksək dəyərləndirib.
Bölgə rəhbəri Azərbaycanla əməkdaşlıq təşəbbüslərinin müzakirəsi və həyata keçirilməsi istiqamətində fəaliyyətin göstərilməsinə hazırlığını bildirib. Azərbaycan səfirliyi ilə sıx təmasların və əməkdaşlığın qurulacağına ümidvarlıq ifadə edən Mixeil Şakulaşvili Azərbaycan səfirini məmnuniyyətlə oktyabr ayının əvvəlində Qoridə keçiriləcək “Şərab festivalı” və Qori şəhər gününə həsr olunacaq bayram mərasimlərində iştiraka dəvət edib.
Azərbaycan səfiri dəvətə, əməkdaşlığa ifadə olunan hazırlıq və səmimi müzakirələrə görə bölgə rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.