Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev qarşı tərəfin təşəbbüsü əsasında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti Natia Loladzeni qəbul etmişdir
Cari ilin 23 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev qarşı tərəfin təşəbbüsü əsasında Gürcüstan Qızıl Xaç Cəmiyyətinin prezidenti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti Natia Loladzeni qəbul etmişdir.
Görüş əsnasında qonağı salamlayan Səfir F.Quliyev, həmsöhbətinə Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə məlumat vermişdir. İki ölkə arasındakı mövcud əlaqələrin hər iki xalqın rifahına xidmət etdiyini vurğulayan diplomat, sözügedən əməkdaşlıq münasibətlərinin ümumilikdə Cənubi Qafqaz regionunda dayanıqlı inkişafın əsas təkanverici qüvvəsi olduğunu söyləmişdir.
Səmimi qəbula görə Səfir F.Quliyevə təşəkkürünü bildirən N.Loladze, rəhbərlik etdiyi təşkilatın əsas fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. O, xüsusilə Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə mövcud olan uğurlu əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd etmiş və bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiyini söyləmişdir.
Eyni zamanda, tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.