“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 sentyabr 2022

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneulidə fəaliyyət göstərən “Sabah Marneuli” futbol klubunun rəhbəri və baş məşqçisi Əhməd İsmayılovla və yeniyetmə futbolçularla görüş keçirib.

Qonaqlarla səfirlikdə görüşməkdən məmnunluğunu ifadə edən səfir Gürcüstanın azərbaycanlıların yaşadığı bölgələrdə futbol idman növünün inkişafında göstərdiyi böyük xidmətlərə görə Əhməd İsmayılova təşəkkürünü bildirib. O, idman xadiminin yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətindəki yorulmaz və əzmkar fəaliyyətini yüksək qiymətləndirib. Faiq Quliyev Gürcüstanda idman sahəsində Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihələrdən söz açaraq SOCAR tərəfindən soydaşlarımızın yığcam yaşadıqları rayon və kəndlərdə idman meydançalarının yaradıldığı və ötən il Marneulinin Qızılhacılı kəndində müasir idman kompleksinin inşa edildiyini xatırladıb, bu layihələrin gələcək nəsillərə xidmət edəcəyini vurğulayıb.
Azərbaycan səfirliyinin Gürcüstanda idmanın təşviqinə verdiyi töhfələrə toxunan səfir diplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə şahmat turniri, güləş, kikboksinq turnirləri və digər yarışların keçirildiyini xatırladıb.
Səfirliyin təşəbbüsü, SOCAR şirkətinin Gürcüstandakı nümayəndəliyi və “Azərsun Holdinq”in dəstəyi ilə “Sabah Marneuli” futbol klubu “Qarabağ” futbol komandasının formaları və toplarla təmin olunub. Səfirin sözlərinə görə, Ağdam təmsilçisi “Qarabağ” komandasının son dövrlərdəki uğurları və qələbələri bütün azərbaycanlıları qürurlandırır. Faiq Quliyev “Qarabağ” komandasının formasını geyinməyin yeniyetmə soydaşlarımız üçün böyük şərəf olacağına əminliyini bildirib.
Səfir “Sabah Marneuli” futbol klubuna və onun yetirmələrinə idman karyeralarında nailiyyətlər arzulayıb.
Əhməd İsmayılov öz növbəsində görüşə, kluba göstərilən böyük qayğı və dəstəyə görə səfirliyə təşəkkürünü bildirib. O, 2011-ci ildən fəaliyyət göstərən klubun Gürcüstanda keçirilən turnirlərdə ilk yerlərdə qərarlaşdığını qeyd edərək əldə olunan yüksək göstəricilər barədə məlumat verib. Baş məşqçi yetirmələrinə Türkiyə, Polşa və digər ölkələrdə maraq göstərildiyini bildirib. Qeyd edib ki, yetirməsi Nicat Hüseynov ötən il Polşanın “Lex Poznan” komandasına qəbul olunub. Əhməd İsmayılov Gürcüstanda idmanın təbliği və təşviqinə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və səfirliyə minnətdarlığını bildirib.
O, rəhbərlik etdiyi klubun idman ləvazimatları ilə təminatının yetirmələrini yeni qələbələrə həvəsləndirəcəyinə əminliyini ifadə edib.
Görüşdə klubun fəaliyyətinin dəstəklənməsi ətrafında müzakirə aparılıb, narahatlıq doğuran məsələlər də dinlənilib və onların həlli yollarının tapılmasının diqqətdə saxlanılacağı vurğulanıb.
Səfir klubun yeniyetmə üzvləri ilə söhbət edib, onları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.
Sonda “Sabah Marneuli” futbol klubuna idman ləvazimatları təqdim edilib, xatirə şəkli çəkdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti