Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb
20 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili arasında görüş keçirilmişdir.
Səfir Faiq Quliyev bu görüşün 20 Yanvar faciəsinin 32-ci ildönümünə təsadüf etdiyini qeyd edərək, 20 Yanvar və 9 Aprel hadisələrindən bəhs etmiş, xalqlarımızın taleyinin oxşar olduğunu və müstəqillik uğurunda göstərdiyi mübarizə əzminin qırılmaz olduğunu bildirmişdir. Diplomat 1990-cı il yanvarın 20-sinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləmişdir.
Görüşdə iki ölkə arasında maliyyə, vergi və gömrük orqanları arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu, bu xüsusda, ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsinin təşviq olunması baxımından qarşılıqlı səfərlərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Tarixən mehriban qonşu və yaxın dostluq şəraitində yaşamış Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji tərəfdaş səviyyəsinə yüksəldiyi, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu qeyd edilmişdir.
Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyinə toxunaraq, 29 sentyabr 2021-ci il tarixində Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq sahəsində Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş” imzalanmasının əhəmiyyətini vurğulamışlar.
Görüşdə həmçinin, sözügedən Komissiyanın 8-ci iclasının protokolunda əks olunmuş gömrük sahəsində əməkdaşlıqla bağlı müddəaların həyata keçirilməsi, o cümlədən iki ölkə arasında yeni inteqrə edilmiş gömrük məntəqəsinin inşası ilə əlaqədar məsələlər müzakirə edilmişdir. Bu layihə sayəsində sərhəd keçid prosedurlarının əhəmiyyətli dərəcədə sürətləndiriləcəyi və sadələşdiriləcəyi, iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrin genişləndiriləcəyi bildirilmişdir.
Eyni zamanda, tərəflər 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un əhəmiyyətini vurğulamış, iki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının səmərəliliyinin artırılması üçün geniş imkanların olduğunu qeyd etmişlər.
Ölkələrimizin ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyi bildirilmiş, eləcə də, pandemiya şəraitində iki ölkə və bütövlükdə regionda ticarət və tranzit sahəsində gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin yeni nümayəndəsi gömrük xidməti polkovniki Fuad Qasımov Gürcüstanın Maliyyə Nazirliyinin rəhbərliyinə təqdim olunmuşdur.