Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşmüşdür.
Cari ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan Respublikası ilə Gürcüstan arasında təhsil, elm və gənclərlə bağlı sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri və gələcəkdə həyata keçirilə biləcək təşəbbüslər müzakirə edilmişdir.
Səfir F.Quliyev görüş üçün yaradılmış fürsətə görə nazir A.Tsuladzeyə təşəkkürünü bildirmiş və yeni təyinatı münasibətilə həmsöhbətinə gələcək fəaliyyətində uğurlar arzu etmişdir.
Azərbaycan və Gürcüstan arasında qeyd olunan sahələr üzrə əməkdaşlıq münasibətlərinin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən Səfir F.Quliyev, iki ölkənin müvafiq qurumları tərəfindən həyata keçiriləcək birgə layihə və təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduğunu söyləmişdir.
Öz növbəsində, nazir A.Tsuladze iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, eləcə də Gürcüstanda təhsilin bütün pillələrində aparılan və nəzərdə tutulan islahatlar barədə məlumat vermişdir.
İki ölkə arasında müvafiq sahələr üzrə faydalı və səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildirən nazir A.Tsuladze, Azərbaycan və Gürcüstan arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.