Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Vəkillər Kollegiyasınının sədri İrakli Kandaşvili ilə görüşmüşdür.
Cari ilin 22 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Vəkillər Kollegiyasınının sədri İrakli Kandaşvili ilə görüşmüşdür.
Görüş zamanı İ.Kandaşvilini salamlayan səfir F.Quliyev, onu Gürcüstan Vəkillər Kollegiyasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş, yeni vəzifəsində ona uğurlar arzulamışdır. Hüquqi dövlətin və ədalətli məhkəmə sisteminin formalaşmasında vəkil peşəsinin mühüm rol oynadığını vurğulayan diplomat, Gürcüstanın müstəqil və şəffaf ədliyyə sistemində vəkillik institutunun əhəmiyyətini xüsusi qeyd etmişdir.
Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən söz açan səfir F.Quliyev, bu əlaqələrin hüquq sahəsində də uğurla davam etdirilməsinin əhəmiyyətindən bəhs etmiş, hər iki ölkənin müvafiq təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin, birgə təşəbbüslərin həyata keçirilməsinin və institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Diplomat bu istiqamətdə əməkdaşlığın inkişafına və əlaqələndirmə işlərinin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirmişdir.
Öz növbəsində İ.Kandaşvili təbrik diləklərinə görə diplomata təşəkkürünü bildirmiş, Azərbaycan və Gürcüstanın vəkil-hüquqşünas birlikləri arasında əməkdaşlığın əhəmiyyət daşıdığını söyləmiş, bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə, qarşılıqlı maraq doğuran təşəbbüslərin icrasına və institusional əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduqlarını ifadə etmişdir.
Tərəflər görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.