“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2022

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Texniki Universitetinin (GTU) rektoru David Qurgenidze ilə görüşüb.

Qonağı səmimi salamlayan rektor Gürcüstan və Azərbaycanın strateji müttəffiq olduğunu qeyd edərək nümunəvi qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib. GTU haqqında ətraflı məlumat təqdim edən David Qurgenidze ali təhsil ocağında 14 fakültə, elmi-tədqiqat mərkəzi və ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyanın olduğunu diqqətə çatdırıb.
GTU rektoru bildirib ki, azəbaycanlı tələbələrin ali məktəbdə təhsilə maraqları ildən-ilə artır. Vurğulanıb ki, hazırda universitetdə 581 nəfər azərbaycanlı təhsil alır ki, onların 186-sı Azərbaycan vətəndaşı, yerdə qalanları isə Gürcüstanın azərbaycanlı vətəndaşlarıdır.
David Qurgenidze GTU-nun 100 illik yubileyinə hazırlıqların aparıldığını bildirib. O, Azərbaycan səfirini yubiley münasibətilə təşkil olunacaq tədbirlərdə fəxri qonaq qismində iştiraka dəvət edib.
Azərbaycanın aparıcı ali məktəbləri ilə səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edən rektor yaxın gələcəkdə əlaqələrin daha da çoxşaxəli olacağına ümid etdiyini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Faiq Quliyev öz növbəsində Gürcüstanın nüfuzlu ali təhsil ocağı ilə Azərbaycan səfirliyi arasında sıx əməkdaşlığı və birgə təşkil olunan tədbirləri qeyd edib. O, Azərbaycanın Gürcüstanın təhsil və elm mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib. Bu ilin fevral ayında Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində iki ölkənin təhsil nazirlikləri arasında imzalanan sazişin elm və təhsil sahəsində əlaqələrin daha da inkişafına və gücləndirilməsinə təkan verdiyi vurğulanıb.
Azərbaycan-Gürcüstan münasibətlərinə toxunan səfir iki ölkə arasında mövcud qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyin nümunəvi olduğunu qeyd edib. Regiondakı proseslərə toxunan Faiq Quliyev iki ölkənin iştirakçısı olduğu meqa layihələrin əhəmiyyətinin daha da artdığını bildirib, Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyinin qarantı olduğunu vurğulayıb.
Səfir Azərbaycan dövlətinin Gürcüstanda humanitar layihələrin həyata keçirilməsinə verdiyi böyük önəmdən danışıb. O, bu kontekstdə SOCAR şirkətinin Gürcüstanda azərbaycanlı tələbələrin ali təhsil almaları üçün nəzərdə tutulan təqaüd proqramını qeyd edib. Səfir bildirib ki, Gürcüstanın azərbaycanlı gəncləri təhsilli olmalı və tamhüquqlu vətəndaşlar kimi dövlət quruculuğu prosesinə öz töhfələrini verməlidirlər.
GTU ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraq ifadə edən Faiq Quliyev ali təhsil ocağında Azərbaycanşünaslıq mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Rektor David Qurgenidze universitetdə Litva dili və mədəniyyəti mərkəzinin uğurla fəaliyyət göstərdiyini xatırladaraq Azərbaycanla əməkdaşlıq çərçivəsində də analoji mərkəzin təsis olunması istiqamətində işlərin aparılmasına hazırlıq ifadə edib.
Görüşdə ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılması imkanlarının müzakirəsi də aparılıb. Tərəflər əməkdaşlığın inkişafı və daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi üzrə qarşılıqlı razılıq ifadə ediblər.
Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
GTU rektoru səfiri ali təhsil müəssisəsinin auditoriya və zallarında aparılan təmir-bərpa işləri, nadir kitab və nəşrlərin saxlanıldığı zəngin kitabxana ilə yaxından tanış edib.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti