“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 yanvar 2024

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri Komitəsinin sədri Givi Mikanadze ilə görüşüb

17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentində Təhsil, elm və gənclər məsələləri Komitəsinin sədri Givi Mikanadze ilə görüşüb.
Səfiri Gürcüstan Parlamentində salamlayan G.Mikanadze iki ölkənin qanunvericilik orqanları arasında məhsuldar əməkdaşlığı təqdir edərək, təhsil, elm və gənclər məsələləri üzrə qanunvericilik sahəsində də səmərəli əlaqələndirmənin vacibliyini qeyd etmişdir. O, başçılıq etdiyi Komitənin Azərbaycan həmkarları ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi niyyətində olduğunu bildirərək, parlament təsisatlarının müasir mərhələdəki əhəmiyyətini xüsusilə vurğulayıb.
Səfir F.Quliyev dost qəbuluna görə təşəkkür ifadə edib və Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası əməkdaşlığın müsbət dinamikasından məmnun olduğunu bildirib. O, 2022-ci və 2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana etdiyi işgüzar səfərləri başda olmaqla, Baş nazirlər və hər iki parlamentin spikerləri səviyyəsində rəsmi səfərlər mübadiləsinin əhəmiyyətini vurğulayıb. Səfir Ali və yüksək səviyyədə irəliyə doğru aparılan Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının bugünkü şəraitdə artan rolundan bəhs edib.
Mövcud Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli formatının, eləcə də qurulması arzu edilən Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatının regional sabitlik və inkişafa töhfə verə biləcəyini deyən Səfir F.Quliyev bölgəmizdə cərəyan edən proseslər üzərində də dayanıb. Belə ki, o, Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa etdiyini yada salaraq, post-münaqişə dövründə Gürcüstan Hökumətinin irəli sürdüyü Cənubi Qafqazda dinc qonşuluq təşəbbüsünü yüksək təqdir edib.
Dostluq şəraitində keçən görüş zamanı tərəflər iki dost ölkənin Parlamentləri arasında bərqərar olunmuş gözəl əməkdaşlığın bütün sahələrdə olduğu kimi, təhsil, elm və gənclər məsələləri üzrə qanunvericiliyin tətbiq edilməsi sahəsində də müsbət dinamika ilə müşayiət olunacağına dair əminlik bildiriblər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti