Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirib
16 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirib.
Səfiri salamlayan Ş.Papuaşvili Gürcüstanla Azərbaycan arasında möhkəm zəmin üzərində inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinin vacibliyini önə çəkib. O, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan həmkarları ilə qarşılıqlı təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Ölkəmizin ünvanına söylənilən xoş sözlərə görə təşəkkür bildirən Səfir F.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qonşu Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimizin təşviq edilməsinə yetirdiyi diqqəti vurğulayıb. O, dövlətimizin atdığı bütün addımların bu qəti mövqeyə əyani sübut olduğunu qeyd edib.
Gürcüstan Parlamentinin spikeri, öz növbəsində, hər zaman Azərbaycan ərazi bütövlüyünün Gürcüstan tərəfindən dəstəkləndiyini qeyd edərək, bölgədə sülh və əməkdaşlıq şəraitinin bərqərar olunmasının şəksiz vacibliyini vurğulayıb.
Səfir F.Quliyev cavab olaraq Azərbaycanın da Gürcüstan ərazi bütövlüyünü ardıcıl sürətdə dəstəklədiyini önə çəkib və buna misal olaraq ölkə XİN-in məsələyə dair son bəyanatına istinad edib. Bu xüsusda, o, Azərbaycanın nail olduğu şanlı Qələbə sayəsində bölgəmizdə yeni imkanların yarandığı və ümidverici perspektivlərin açıldığını qeyd edib. Bununla bağlı o, hazırkı mərhələdə Azərbaycan – Gürcüstan ikitərəfli və Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli əməkdaşlıq formatlarının bölgə inkişafına verə biləcəyi töhfəni ayrıca qeyd edib. Həmçinin Cənubi Qafqaz bölgəsində ümumi sülh və qarşılıqlı faydalı əməkdaşlıq abı-havasının bərqərar olunmasının vacibliyini qeyd edərək, Gürcüstan Hökumətinin bu istiqamətdə göstərdiyi təşəbbüsləri təqdir edib.
Söhbət əsnasında tərəflər iki ölkənin Parlamentləri səviyyəsində fəal əməkdaşlığın, o cümlədən beynəlxalq platformalarda həmrəyliyin və müxtəlif konkret istiqamətlər üzrə tərəfdaşlığın vacibliyini vurğulayıblar.
Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəliyin digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb və tərəflərin onlara dair ümumi təməl prinsiplərə əsaslanan yanaşma nümayiş etdirdiyi məmnuniyyətlə qeyd olunub.
Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminliyi ifadə ediblər.