Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Fransa Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Oliviye Kurto ilə görüşüb.
Cari ilin 28 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Fransa Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Oliviye Kurto ilə görüşüb.
Azərbaycan Respublikasının Səfirliyində səfir O.Kurtonu salamlayan diplomat yeni təyinatı münasibətilə həmkarını təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzu etmişdir.
Görüş zamanı səfir F.Quliyev həmsöhbətinə Azərbaycan və Gürcüstan arasında formalaşmış çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan kapitallı şirkətlərin Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayələr, icra olunmuş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan, habelə regional xarakter daşıyan təşəbbüslər barədə ümumi məlumat vermiş, Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə bölgədə həyata keçirilən iqtisadi layihələrin yalnız bu ölkələrin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafına və bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verdiyini qeyd etmişdir.
Diplomat Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində cari vəziyyət və bu istiqamətdə atılan addımlardan bəhs etmiş, eyni zamanda regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasının region ölkələri ilə yanaşı daha geniş coğrafiyanın inkişafına müsbət təsir göstərəcəyini diqqətə çatdırmışdır.
Öz növbəsində səfir O.Kurto təbrik diləklərinə və görüş üçün yaradılmış fürsətə görə diplomata təşəkkürünü bildirmiş, Azərbaycan Respublikasının Səfirliyindəki görüşdən məmnun olduğunu söyləmişdir. Cənubi Qafqaz regionunda Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı münasibətlər barədə verilən məlumata görə səfir F.Quliyevə təşəkkürünü ifadə edən səfir O.Kurto, öz növbəsində Cənubi Qafqaz bölgəsinə dair fikirlərini bölüşmüşdür.
Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.