Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev “British Petroleum” (BP) şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli ilə görüşmüşdür.
Cari ilin 15 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev “British Petroleum” (BP) şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli ilə görüşmüşdür.
G.Kristofoli və onu müşayiət edən nümayəndə heyətini Azərbaycan Respublikasının səfirliyində salamlayan səfir F.Quliyev, G.Kristofolini yeni təyinatı münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir.
Azərbaycan və Gürcüstan arasındakı iqtisadi sahədə əməkdaşlıq münasibətləri və həyata keçirilən regional əhəmiyyət daşıyan layihələr barədə G.Kristofoliyə məlumat verən diplomat, Azərbaycanın Cənubi Qafqaz regionunda tərəqqi, rifah və təhlükəsizliyin tərəfdarı olduğunu qeyd etmişdir.
Ölkəmizin həyata keçirdiyi enerji siyasətindən, bu istiqamətdə xarici tərəfdaşların artan marağından bəhs edən diplomat, xüsusilə “BP” şirkəti ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulamış, ölkəmizin regionumuz və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu barədə bəhs etmişdir.
Öz növbəsində qəbula görə təşəkkürünü ifadə edən G.Kristofoli, ətraflı məlumata görə səfir F.Quliyevə minnətdarlığını bildirmiş, “BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq perspektivlərindən söz açmış, həmçinin Azərbaycanın daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolu barədə fikirlərini bölüşmüşdür.
Görüşdə “BP” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva da iştirak etmişdir.
Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.