Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Bolnisi rayonunun Zolgüvəc kəndindən olan Qarabağ Şəhidi Elşən Məmmədovun xatirəsini yad edib.
Şəhidin kənd qəbirstanlığındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Ziyarətdə Şəhidin atası Vaqif Məmmədov, hərbi attaşe aparatı və səfirlik əməkdaşları iştirak ediblər.
Şəhid Elşən Məmmədovun əziz xatirəsi adına Zolgüvəc kəndində inşa olunan bulağın başında da anılıb.
Şəhidin ata evinə də baş çəkilib, ona aid əşyaların qorunub saxlanıldığı xatirə otağı ziyarət olunub, doğmalarına başsağlığı verilib.
Səfirliyin diqqət və qayğısından razılığını ifadə edən Vaqif Məmmədov oğlunun xatirəsinin hər zaman əziz tutulduğuna görə diplomatik nümayəndəliyin heyətinə minnətdarlığını bildirib.
Elşən Məmmədovun həyat yoluna nəzər salınıb, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildiyi xatırlanıb.
Faiq Quliyev Azərbaycanın Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsindən sonra Elşən Məmmədov da daxil olmaqla bütün şəhidlərimizin qisasının alındığını, onların qanlarının yerdə qalmadığını bildirib.
Şəhidin ailə üzvləri ilə söhbət edən Faiq Quliyev onları narahat edən məsələlər və qayğılarla maraqlanıb.
Faiq Quliyev Gürcüstan əsilli Qarabağ şəhidləri haqqında sənədli filmin çəkildiyini qeyd edib, onların həyat və döyüş yollarından bəhs edəcək “Ölümsüzlər” adlı kitabın nəşrə hazırlandığını bildirib. Səfirliyin şəhid ailələrinə diqqət və qayğını əsirgənməyəcəyi vurğulanıb.