Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev azərbaycandilli məktəblərin bir qrup müəllimi ilə görüş keçirib.
Görüşdə Tbilisi, Rustavi şəhərləri, Marneuli, Bolnisi, Qardabani rayonlarından Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak edib.
Səfir müəllimləri səmimi salamlayaraq yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib, şərəfli peşələrində onlara müvəffəqiyyətlər arzulayıb. Faiq Quliyev Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstandakı soydaşlarımız üçün təhsil sahəsində həyata keçirilən layihə və proqramlardan danışıb. O, hər il Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın azərbaycandilli məktəbləri üçün Azərbaycan dili və Ədəbiyyat dərsliklərinin göndərildiyini, Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox məktəblərin təmir və bərpa olunduğunu, uşaq bağçalarının tikildiyini, SOCAR tərəfindən Gürcüstanda “1+4” proqramı üzrə azərbaycanlı tələbələrin təhsil haqlarının ödənildiyini xatırladıb.
Faiq Quliyev Gürcüstanda Azərbaycan dilində tədris sahəsində mövcud aktual problemlər və boşluqlarla bağlı məsələlərin 2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunduğunu vurğulayıb.
Daha sonra söz müəllimlərə verilib. Onlar təmsil etdikləri məktəb və Azərbaycan bölmələrini narahat edən məsələlər və çatışmazlıqlardan danışıblar. Pedaqoqlar müəllim çatışmazlığı və məktəb kitabxanalarında latın qrafikalı Azərbaycan dilli kitabların olmamasını təhsil ocaqlarını ən çox narahat edən məsələlər kimi göstəriblər. Bəzi kənd məktəblərinin təmir-bərpaya ehtiyacı olduğu qeyd edilib, gürcü dilindən Azərbaycan dilinə tərcümə olunan dərsliklərdə olan qüsurlar, dərslik çatışmazlığı və digər məsələlər də səsləndirilib.
Görüş qaldırılan məsələlər ətrafında müzakirələrlə davam etdirilib, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Müzakirələr zamanı Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin ana dilimizin qorunması və təbliği istiqamətindəki böyük rolu xüsusilə vurğulanıb, vətəndaş cəmiyyətinə inteqrasiya baxımından gürcü dilinin keyfiyyətli tədrisinin əhəmiyyətindən söz açılıb.
Təhsil işçiləri ilə görüşlərin mütəmadi olaraq keçiriləcəyi, qaldırılan məsələlərin səfirliyin səlahiyyətləri çərçivəsində Gürcüstanın Elm və Təhsil Nazirliyi ilə birgə həlli üçün müvafiq addımların atılacağı bildirilib.