“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 iyun 2024

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, 26-28 may tarixlərində Bakı şəhərində keçirilmiş “I Türk İnteqrasiya Olimpiadası”-nda iştirak edərək 2 gümüş və 4 bürünc medal qazanmış Gürcüstan vətəndaşı olan məktəbli soydaşlarımızla görüşmüşdür.

Cari ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, 26-28 may tarixlərində Bakı şəhərində keçirilmiş “I Türk İnteqrasiya Olimpiadası”-nda iştirak edərək 2 gümüş və 4 bürünc medal qazanmış Gürcüstan vətəndaşı olan məktəbli soydaşlarımızla görüşmüşdür.
Görüş zamanı məktəbli soydaşlarımızı salamlayan Səfir, onları əldə etdikləri nailiyyət münasibətilə təbrik etmiş, onlara gələcək təhsil həyatlarında uğurlar arzu etmişdir. Gürcüstandakı soydaşlarımızla bağlı məsələlərin hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətində olduğu vurğulanmış, xüsusilə Gürcüstandakı gənc soydaşlarımızın təhsilinə dair Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmış əməli addımların bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi olimpiada mükafatçılarının diqqətinə çatdırılmışdır.
Gürcüstandakı icma təşkilatları nəzdində fəaliyyət göstərən təhsil mərkəzlərinin gənc soydaşlarımızın təhsili ilə bağlı icra etdikləri layihələrin əhəmiyyəti barədə söz açan F.Quliyev, bu sahədə görülən işlərin yüksək qiymətləndirildiyini qeyd etmişdir. Soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduğunu bildirən diplomat, bu istiqamətdə icra olunmuş və icrası davam edən layihələr barədə məktəbli soydaşlarımıza məlumat vermişdir.
Daha sonra “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova Bakı şəhərində keçirilmiş olimpiadanın önəmini qeyd etmiş, şagirdlərin orada qazanmış olduqları dostluq münasibətləri və təcrübədən bəhs etmişdir.
Olimpiadada gümüş medal qazanmış Simar Bayramov və Şarabanu Nənəcənova, həmçinin olimpiadanın bürünc medal mükafatçıları Nəzrin Qəmbərli, Zəhra Əliyeva, Mürsəl Xıdırov və Zenfira Mamedova bilik yarışı barədə təəssüratları ilə bölüşmüş və gələcək təhsil planları barədə bəhs etmişlər.
Ümumilikdə 8 ölkədən olan 78 şagirdin qatıldığı olimpiadanın final turunda 56 iştirakçı müxtəlif medal və diplomlarla təltif edilmişdir. Gürcüstanın Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Rustavi rayonlarından və Tbilisi şəhərindən olan ümumilikdə altı məktəbli soydaşımız Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də “Soydaş” İctimai Birliyinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü ilə sözügedən olimpiadaya qatılıblar.
 
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti