“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 aprel 2021

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə C.Məmmədquluzadənin ev-muzeyini ziyarət etmiş

Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu ilk satirik-yumoristik jurnalımız olan “Molla Nəsrəddin”in birinci nömrəsinin işıq üzü görməsindən 115 il ötür. Bu dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Tbilisidə “Qeyrət” mətbəəsində çap olunmuşdur.

Qeyd edilməlidir ki, 1997-ci il oktyabr ayının 11-də Gürcüstanın paytaxtı Tbilisidə C.Məmmədquluzadənin ev-muzeyi açılmışdır. Böyük ədib Mirzə Cəlil 1897-1918-ci illərdə muzeyin yerləşdiyi binada yaşayıb-yaratmış, 1906-1918-ci illərdə “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. Muzeydə ədibin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, “Molla Nəsrəddin” jurnalının nüsxələri və s. saxlanılır. Vaxtilə “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində yerləşmişdir. Hazırda qəzalı vəziyyətdə olan bu muzeyin binasının təcili təmirə ehtiyacı vardır.

07.04.2021-ci tarixində “Molla Nəsrəddin” jurnalının 115 illik yubiley günü Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə C.Məmmədquluzadənin ev-muzeyini ziyarət etmiş, həmin muzeyin yerləşdiyi binanın əsaslı şəkildə təmir olunması üçün səylərin birləşdirilməsi məqsədilə Gürcüstan və Azərbaycanın müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracağını bildirmişdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti