Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Maciej Czura ilə görüşmüşdür
Görüş zamanı Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Bu xüsusda, Avropa İnvestisiya Bankı tərəfindən Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunması və enerji mənbələrinin şaxələndirilməsində mühüm rola malik TAP və TANAP qaz boru kəməri layihələrinin tikintisi, eləcə də, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə dəstəyinin göstərildiyi vurğulanmışdır. Həmçinin, Avropa İnvestisiya Bankının gələcəkdə ölkəmizlə neft-kimya məhsulları, bərpaolunan enerji mənbələri, o cümlədən külək və günəş enerjisi sahələrində əməkdaşlıqda maraqlı olduğu qeyd edilmişdir.
Eyni zamanda, görüşdə Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri barədə məlumat verilmiş, həmin ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” də daxil olmaqla qabaqcıl texnologiyaların və innovativ həllərin tətbiqinə xüsusi diqqət yetirildiyi və bu istiqamətdə Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılmışdır.