“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2022

28 sentyabr tarixində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstan əsilli Şəhid ailələri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Gürcüstan əsilli Qarabağ müharibəsi Şəhidlərinin ailə üzvləri və yaxınları ilə görüş keçirib. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində təşkil olunan görüşdə birinci və ikinci Qarabağ müharibəsi Şəhidlərinin valideynləri və yaxın qohumları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev görüş iştirakçılarını səmimi salamladıqdan sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşün Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin təşəbbüsü əsasında təşkil olunduğunu qeyd edən səfir birinci və ikinci Qarabağ müharibəsi ilə yanaşı, atəşkəs dövründə də Gürcüstan əsilli vətəndaşlarımızın Şəhid olduğunu diqqətə çatdırıb. O, Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında Gürcüstan əsilli Şəhidlərin də böyük rolunun danılmaz olduğunu qeyd edib.
Faiq Quliyev Şəhidlərin əziz xatirəsinin hər zaman böyük ehtiram və hörmətlə anıldığını qeyd edərək onların valideynlərinə vətənə bağlı övlad böyüdüb boya-başa çatdırdıqlarına görə təşəkkür edib. Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayan səfir hər bir azərbaycanlının alnıaçıq, başıdik və qürurla gələcəyə addımladığını deyib.
Səfir Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına əsasən Gürcüstanda yaşayan Şəhid ailələrinə göstərilən dövlət dəstəyindən söz açıb. Onun sözlərinə görə, səfirlik Şəhidlərin yaxınları ilə sıx təmasdadır, onlar diqqət və qayğı ilə əhatələnib.
Gürcüstan əsilli Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində səfirliyin fəaliyyətinə toxunan Faiq Quliyev onların şərəfli ömür və döyüş yolundan bəhs edən sənədli filmin hazırlandığını diqqətə çatdırıb. Bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini qeyd edən səfir Şəhidlərdən bəhs edən “Ölümsüzlər” kitabının tezliklə işıq üzü görəcəyini bildirib, əlavə işlərin də aparılacağını vurğulayıb.
Faiq Quliyev bildirib ki, Şəhidlərin xatirəsi ürək ağrısı ilə yanaşı böyük iftixar hissi ilə də anılır. O, tarixi Qələbənin əldə olunması üçün Gürcüstandakı soydaşlarımızın Azərbaycana göstərdikləri böyük mənəvi və maddi dəstəyə, həmrəyliyə görə təşəkkürünü bildirib. Səfir 44 günlük Vətən müharibəsi dövründə soydaşlarımızın Azərbaycanın yanında olduğunu, ürəklərinin mənəvi vətənləri olan Azərbaycanla bir döyündüyünü qeyd edib. O, bütün Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyib.
Sonra çıxış edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev öz və başçılıq etdiyi nümayəndə heyətinin adından toplantının təşkilinə görə minnətdarlığını bildirib. O, görüşə qatılan Şəhidlərin yaxınlarına təşəkkür edib. Bildirib ki, tarixi Qələbə dünyanın hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya alnıaçıqlıq və qürur bəxş edib.
Onun sözlərinə görə, şanlı Zəfər Azərbaycan xalqının ürəyindən gələn böyük arzu idi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qələbə mümkün oldu. K.Vəliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi günlərində yalnız Azərbaycan xalqı deyil, Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlılar da bir yumruq kimi birləşdi. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa komandanlığı altında Ordumuz gücünü, bacarığını, nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusunun müasir tələblərə tam cavab verdiyini vurğulayan Baş Qərargah rəisi Azərbaycan Silahlı Qüvvələrinin istənilən təhdidə cavab verməyə qadir və hazır olduğunu bildirib.
K.Vəliyev böyük Qələbəyə görə Şəhidlərə və qazilərə borclu olduğumuzu qeyd edib. Gürcüstanda Şəhid ailələrinin üzvləri ilə görüşməkdən böyük fəxr hissi keçirdiyini söyləyən general-polkovnik onlara başsağlığı verib, səbir arzulayıb. O, Şəhidlərin əbəs yerə deyil, Vətən uğrunda, Azərbaycan xalqının rifahı naminə canlarından keçdiklərini, qanlarının yerdə qalmadığını bildirib.
Baş Qərargh rəisi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi, şəxsi heyət adından Şəhidlərin yaxınlarına başsağlığı verib, onları narahat edən məsələlərin diqqətdə saxlanıldığını deyib.
K.Vəliyev daha sonra Şəhid ailələrinin üzvləri və yaxınları ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövləti və Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlıqlarını bildirərək razılıq ifadə ediblər.
Sonda Baş Qərargah rəisi Şəhidlərin yaxınlarına xatirə hədiyyələri təqdim edib.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti