28 may tarixində Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illik yubileyi ilə əlaqədar olaraq, Tbilisi şəhərində yerləşən “Pullman Axis Towers” otelində rəsmi qəbul keçirilmişdir.
Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illik yubileyi ilə əlaqədar olaraq, Tbilisi şəhərində yerləşən “Pullman Axis Towers” otelində rəsmi qəbul keçirilmişdir. Rəsmi qəbulda fəxri qonaq qismində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, eləcə də deputatlar, nazir və nazir müavinləri, qubernatorlar, merlər, dövlət qurumları və agentliklərinin rəhbərləri, Gürcüstanın xalq müdafiəçisi (Ombudsman), Gürcüstanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlik rəhbərləri və heyət üzvləri, hərbi attaşelər, iş adamları, ölkənin ictimai-siyasi xadimləri, elm adamları, soydaşlarımız, mətbuat nümayəndələri iştirak etmişlər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev qonaqları salamlamış və tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik etmişdir. Tədbir iştirakçılarına Azərbaycanın 1918-ci ilin 28 may tarixində öz qədim dövlətçilik ənənələrinə yenidən qovuşması, bu tarixi hadisənin məhz o dövrün Tiflis şəhərində baş verməsi, bu gün Müstəqillik Günümüzün məhz bu şəhərdə təntənəli surətdə qeyd olunmasının xüsusi rəmzi məna daşıması barədə məlumat verən diplomat, Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) tarixçəsi və onun siyasi əhəmiyyətindən söz açmışdır. 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin süqutundan bəhs edilərkən XX əsrin sonlarında - 1991-ci ildə tarixi ədalətin yenidən bərpa edildiyi və xalqımızın müstəqillik qazanaraq milli dövlətçiliyini bərpa etmək imkanı əldə etdiyi qeyd olunmuşdur. O dövrdə ölkəmizin üzləşdiyi daxili və xarici təhdid, habelə çağırışlardan söz açan Səfir F.Quliyev, xalqın təkidilə hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyevin xalqımızın və dövlətçiliyimizin xilaskarı olduğunu qeyd etmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz və gərgin siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və ideallarına bağlılığı sayəsində dövlət müstəqilliyinin qorunub-saxlanması və möhkəmləndirilməsinin mümkün olduğu bildirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasətin uğurlu və qətiyyətli davamçısı olduğu bildirilmiş və bunun bariz nümunəsi olaraq 30 ilədək işğal altında olmuş əzəli torpaqlarımızın məhz onun rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi nəticəsində azad edildiyi, eləcə də 2023-cü ilin sentyabr ayında dövlət suverenliyimizin tam şəkildə bərpa edildiyi diplomat tərəfindən vurğulanmışdır. Eyni zamanda, ölkə başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğu qeyd edilmiş, bu istiqamətdə Səfirlik tərəfindən görülmüş və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət barədə məlumat verilmişdir.
Açılış nitqinin yekunu olaraq, Azərbaycan və Gürcüstan arasında çoxşaxəli əməkdaşlıq münasibətlərindən bəhs edən Səfir F.Quliyev, əlaqələrin bundan sonra da uğurla davam edəcəyini qeyd etmiş və hər iki ölkə tərəfindən əldə olunacaq nailiyyətlərin bölgəmiz üçün müstəsna rol oynayacağını söyləmişdir.
Rəsmi qəbulda fəxri qonaq qismində iştirak edən Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili tədbir iştirakçılarını salamlamış və Müstəqillik Günü münasibətilə təbrik etmişdir. O, Azərbaycan və Gürcüstanın 107 il əvvəl - 1918-ci ildə müstəqilliklərini elan etmələrinin hər iki xalqın azadlıq və suverenlik uğrunda mübarizəsinin mühüm mərhələsi olduğunu bildirmiş, Azərbaycan və Gürcüstan xalqlarının demokratik dəyərlərə sadiqliyini və hər iki xalqın müstəqillik iradəsinin təqdirəlayiq olduğunu vurğulamışdır. Parlament sədri Azərbaycan və Gürcüstan arasında mövcud olan ikitərəfli münasibətlərin, hər iki xalqı birləşdirən dərin tarixi, coğrafi və mədəni bağlar əsasında formalaşmış güclü strateji tərəfdaşlığa söykəndiyini qeyd etmişdir. Xüsusilə, ölkələrimizin ali qanunverici orqanları – parlamentləri arasında mövcud olan səmərəli əməkdaşlığı yüksək qiymətləndirən Ş.Papuaşvili, bu əlaqələrin ikitərəfli münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığını söyləmişdir.
Eyni zamanda, Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyətinin artmaqda olduğu bir dövrdə, Gürcüstanın Azərbaycanla olan sıx əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyi vurğulanmış, regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasına xidmət edən bu əməkdaşlığın yalnız iki ölkənin deyil, bütün bölgənin inkişafına töhfə vermək məqsədi daşıdığı da Ş.Papuaşvili tərəfindən qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı, eləcə də Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ), SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Gürcüstanda fəaliyyət göstərən “DAPNA” MMC, “Agrosystems” MMC, “CaspiGeo” MMC, “Magnus Insurance Brokers” MMC və “Oxygen” MMC şirkətlərinin də dəstəyi ilə keçirilmiş rəsmi qəbul çərçivəsində Səfir F.Quliyev və Parlament sədri Ş.Papuaşvili AZEBİ İdarə Heyətinin sədri Nəriman Qurbanovu, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədovu, Gürcüstanda fəaliyyət göstərən “DAPNA” MMC-nin rəhbəri Vüqar Ərəbovu və “Agrosystems” MMC-nin rəhbəri Rəna Babayevanı birlikdə təltif etmiş və gələcək fəaliyyətlərində onlara uğurlar arzu etmişdir.
Tədbirin bədii hissəsi Gürcüstanın gənc istedadlarından olan soydaşımız Şaban Məmmədovun ifaları və tarzən Ramin Pirməmmədovun musiqi nömrələrinin müşayiəti ilə davam etmiş, tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilmişdir.
Tədbir çərçivəsində Azərbaycan istehsalı olan məhsullar nümayiş olunmuş və tədbir iştirakçılarına bu məhsullardan ibarət sovqatlar hədiyyə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq, Gürcüstanda fəaliyyət göstərən “Marneuli İnkişaf və Təhsil Mərkəzi”, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və “Alyans” Gənclər Mərkəzi tərəfindən rəsmi qəbul məkanında milli xalça, rəsm əsərləri, eləcə də əlişlərindən ibarət guşə yaradılmışdır.