27 Sentyabr-Anım Günü münasibətilə Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə fəaliyyət göstərən “ERA” Teatrı tərəfindən səhnələşdirilən “Komando” tamaşasının Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında premyerası keçirilmişdir.
Cari ilin 26 sentyabr tarixində, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə təsis edilmiş 27 Sentyabr-Anım Günü münasibətilə Səfirliyin təşəbbüsü və təşkilatçılığı, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Tbilisidə fəaliyyət göstərən “ERA” Teatrı tərəfindən səhnələşdirilən “Komando” tamaşasının Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında premyerası keçirilmişdir.
Tamaşanın premyerasında Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ali Kaan Orbay, Türkmənistanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dövlətmurat Seyitməmmədov, əslən Gürcüstandan olan şəhidlərimizin ailə üzvləri, Azərbaycan və Türkiyənin iş adamları, ali din xadimləri, soydaşlarımız, icma təşkilat rəhbərləri və onun gənc üzvləri, tələbələr, eləcə də mətbuat nümayəndələri iştirak etmişdirlər.
Anım tədbirində açılış nitqi ilə çıxış edən Səfir F.Quliyev, qonaqları salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin yad edilməsi məqsədilə tədbir iştirakçılarını bir dəqiqəlik sükuta dəvət etmişdir.
Səfir F.Quliyev 1988-ci ildən etibarən ölkəmizə qarşı irəli sürülən ərazi iddiaları və nəticədə əzəli torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, o zaman ölkəmizdə mövcud olan hərc-mərcliyin və özbaşınalığın hökm sürdüyünü bildirən diplomat, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə gəlməsindən, Ulu Öndərin ölkəni parçalanmaqdan, iqtisadi böhrandan xilas etməsindən və ordu quruculuğu sahəsindəki mühüm nailiyyətlərindən bəhs etmişdir. Təməli Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişafı və güclənməsi istiqamətində atılmış addımları qeyd edən F.Quliyev, Ulu Öndərin müəyyən etmiş olduğu daxili və xarici siyasi kursun Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. Hakimiyyətə gəlişinin ilk günlərindən etibarən cənab Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və tarixi ədalətin bərqərar edilməsinin zəruriliyini hər zaman vurğuladığı qeyd olunmuş, ölkə başçısının apardığı ardıcıl və məqsədyönlü uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini söyləmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş Şanlı Zəfərdən bəhs edilmiş, Rəşadətli Azərbaycan Ordusunun şücaəti və fədakarlığı haqda tədbir iştirakçılarına məlumat verilmişdir. Şanlı Zəfərimizi şərtləndirən əsas amillər qeyd edilərkən güclü siyasi iradə və dövlət, zəngin iqtisadiyyat, hədəfə yönəlmiş diplomatiya və ordu quruculuğu sahəsindəki islahatlar, dövlət və xalq birliyi xüsusi olaraq vurğulanmışdır.
Müasir dövlətçiliyimizin və xalqımızın şəhadət tarixindən söz açan Səfir F.Quliyev, 1990-cı il 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi, 30 ilədək davam etmiş atəşkəş dövrü və nəhayət 44 günlük Vətən müharibəsi ərzində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin, fədakarlığının və şücaətinin xalqımızın yaddaşlarından unudulmadığını və heç bir zaman unudulmayacağını bildirmişdir. Sadalanan dövrlər ərzində Gürcüstandan olan şəhidlərimizin qəhrəmanlıqları və Ana Vətən sevgisi qeyd olunmuş, Gürcüstanda yaşayan soydaşlarımızın Vətən müharibəsinin ilk günlərindən nümayiş etdirdiyi həmrəylik və dəstək xüsusi olaraq qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın tapşırıqlarına əsasən dövlət səviyyəsində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının Səfirlik tərəfindən də rəhbər tutulduğunu söyləyən diplomat, şəhidlərimizin Gürcüstanda yaşayan ailə üzvlərinin mütəmadi olaraq ziyarət edildiyini, onların məişət məsələlərinin diqqətdə saxlanıldığını və müvafiq tədbirlərin görüldüyünü, gələcəkdə bu istiqamət üzrə fəaliyyətin davam etdiriləcəyini bildirmişdir.
Gənc nəslin vətənpərvər, fədakar və əzmkar ruhda böyüdülməsinin əhəmiyyəti qeyd edilərkən, bu cür maarifləndirici tamaşanın ərsəyə gəlməsində xüsusi rolu olan “ERA” Teatrının heyətinə təşəkkür ifadə olunmuş, Səfirliyin dəstəyi ilə yeni məkanla təmin edilən teatr heyətinin səhnələşdirdiyi ilk tamaşasının da məhz “Komando” olduğu bildirilmiş və teatr heyəti bu münasibətlə təbrik edilmişdir.
Daha sonra, 44 günlük Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anası - Rəhilə Rüstəmova çıxış edərək bütün şəhid ailə üzvləri timsalında Azərbaycan dövlətinin onlara göstərdiyi qayğı və diqqətə görə təşəkkürünü bildirmişdir. O, vətənimiz uğrunda qəhrəmancasına canından keçmiş şəhidlərimizin anım günlərində kədərli olduqlarını, lakin eyni zamanda şəhidlərin hər birimiz üçün qürur mənbəyi olduğunu söyləmişdir. R.Rüstəmova tamaşanın ərsəyə gəlməsində göstərmiş olduğu təşəbbüs və dəstək üçün, eləcə də mütəmadi olaraq şəhid ailələrini diqqətdə saxlayan Azərbaycan Respublikası dövlətinə təşəkkürünü bildirmişdir.
Öz növbəsində “ERA” Teatrının bədii rəhbəri Anar Rafiqoğlu çıxışında qəhrəman şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa diləmişdir. A.Rafiqoğlu, xalqımız üçün həssas, eyni zamanda qürurverici mövzu ilə bağlı tamaşa ərsəyə gətirdiklərindən fəxarət hissi keçirdiklərini söyləmişdir. “Komando” tamaşasının səhnələşdirilməsi ilə bağlı, eləcə də teatr heyətinin yeni məkanla təmin edilməsi məsələsində göstərmiş olduğu dəstəyə görə Səfirliyə təşəkkürünü bildirən A.Rafiqoğlu, tamaşa barədə qısa məlumat vermiş və tədbir iştirakçılarını tamaşanı izləməyə dəvət etmişdir.
Çıxışlar yekunlaşdıqdan sonra tədbir iştirakçıları “Komando” tamaşasını izləmiş, tamaşadan sonra şəhid ailə üzvləri və “ERA” teatrının heyəti ilə kollektiv şəkil çəkilmişdir.