21 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın yeni təyin edilmiş ədliyyə naziri Paata Salia ilə görüşmüşdür.
Cari ilin 21 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın yeni təyin edilmiş ədliyyə naziri Paata Salia ilə görüşmüşdür.
Görüş çərçivəsində, strateji tərəfdaşlar olan Azərbaycan Respublikası ilə Gürcüstan arasında ədliyyə sahəsi üzrə əməkdaşlıq münasibətləri müzakirə edilmiş, hər iki ölkənin müvafiq qurumları arasında mövcud olan təmasların əhəmiyyəti qeyd olunmuşdur.
Səfir F.Quliyev görüş üçün yaradılmış fürsətə görə nazir P.Saliaya təşəkkürünü bildirmiş və yeni təyinatı münasibətilə həmsöhbətinə gələcək fəaliyyətində uğurlar arzu etmişdir.
Azərbaycan və Gürcüstan arasında mövcud olan hüquq-müqavilə bazası barədə nazir P.Saliaya məlumat verən diplomat, ölkəmizin bu istiqamət üzrə fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.
Nazir P.Salia iki ölkənin müvafiq qurumları arasında ədliyyə sahəsi üzrə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirmiş, birgə təşəbbüslərin icra olunması istiqamətində müvafiq addımların atılmasına hazır olduqlarını söyləmişdir.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.