20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşları anım tədbirlərində iştirak etmişlər.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşları cari ilin 18 və 20 yanvar tarixlərində, 1990-cı ildə baş vermiş faciə zamanı fədakarcasına canlarından keçmiş Gürcüstan əsilli şəhidlərimizin ailə üzvlərini, məzar və xatirə abidələrini ziyarət etmiş, müvafiq olaraq Marneuli rayonunda fəaliyyət göstərən "Azərbaycan Evi" və Saqareco rayonundakı "Parlaq Gələcək Tədris Mərkəzi"ndə təşkil edilmiş anım tədbirlərində iştirak etmişlər.
İlk öncə Bolnisi rayonunun Faxralı kəndindəki qəbirstanlıqda şəhid Əhmədov İlqar Hümbət oğlunun məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur.
Daha sonra Saqareco rayonunun Yor-Muğanlı kəndində ”20 Yanvar və 9 Aprel” abidəsi ziyarət olunmuş, şəhid Qayıbov Ələsgər Yusif oğlunun həmin kənddə yaşayan ailə üzvləri ilə görüş keçirilmişdir.
Həmçinin, Qardabani rayonu Ağtəhlə kəndində şəhid İsmayılov Rəşid İslam oğlunun, Marneuli rayonu Kirəc-Muğanlı kəndində şəhid Eminov Vəfadar Osman oğlunun, Bolnisi rayonu Kəpənəkçi kəndində şəhid Turabov Tengiz Məmməd oğlunun ailə üzvləri ilə də görüşlər keçirilmişdir.
Eyni zamanda, Marneuli rayonunun Algeti kəndindəki və Poniçala qəsəbəsindəki “20 Yanvar-9 Aprel” abidələri ziyarət olunmuş, abidə önünə qərənfil dəstələri düzülmüş və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.
20 Yanvar faciəsi nəticəsində qəhrəmancasına canlarını fəda etmiş Gürcüstan əsilli şəhidlərimizin ailə üzvləri ilə keçirilən görüşlər zamanı şəhidlərimizin hər zaman qürur hissi ilə anıldığı və Səfirlik tərəfindən onların əziz xatirəsinin daim uca tutulduğu bildirilmişdir. 20 Yanvar faciəsinin xalqımızın və dövlətimizin tarixində qəhrəmanlıq səhifəsi olması, Şanlı Zəfərimizlə bitən 44 günlük Vətən Müharibəsinin isə xalqımızın heç bir zaman sınmayan qürura və yenilməz ruha sahib olmasının bariz sübutu olduğu vurğulanmışdır.
Soydaşlarımız Azərbaycan Respublikasının Gürcüstan əsilli şəhidlərin xatirəsinin hər zaman dərin hörmət və ehtiramla yad etdiyinə görə minnətdarlıqlarını bildirmişlər.
Səfirliyin təşəbbüsü ilə hər bir şəhid ailəsinə ərzaq sovqatı təqdim edilmişdir.