10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq, Ulu Öndərin adını daşıyan Tbilisi və Rustavi şəhərlərindəki parklarda ucaldılmış abidələri önünə əklil və gül dəstələri düzülmüşdür.
Cari ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq, Ulu Öndərin adını daşıyan Tbilisi və Rustavi şəhərlərindəki parklarda ucaldılmış abidələri Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının rəhbəri Mikayıl Abbasov, səfirlik əməkdaşları, iş adamları, icma və mətbuat nümayəndələri tərəfindən ziyarət edilərək, abidələr önünə əklil və gül dəstələri düzülmüşdür.
Azərbaycan Respublikasında cari ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyi nəzərə alınaraq, Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi” və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, eləcə də Səfirliyin dəstəyi ilə ərsəyə gəlmiş və Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış keçirilmişdir. Həmçinin, sərgi çərçivəsində Tbilisi şəhər 64 və 73 saylı orta məktəbin şagirdləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına dair hazırlanmış təqdimatlar da dinlənilmişdir.
Daha sonra, Marneuli şəhərində fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı və Səfirliyin dəstəyi ilə Marneulidəki Mədəniyyət Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunmuş “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev - 102 İl” mövzulu xatirə tədbiri keçirilmişdir. Tədbirdə Səfir Faiq Quliyev, Marneuli şəhərinin meri Kənan Ömərov, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov, səfirlik əməkdaşları, soydaşlarımız, eləcə də icma təşkilatların rəhbərləri və üzvləri, mətbuat nümayəndələri və Gürcüstandakı azərbaycandilli məktəblərin müəllim heyəti və şagirdlər iştirak etmişdir.
Azərbaycan Respublikasının və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbir, rəsmi şəxslərin çıxışları ilə davam etmişdir.
Açılış nitqi ilə çıxış edən Səfir F.Quliyev, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən, Azərbaycan qarşısındakı müstəsna xidmətlərindən, Azərbaycan- Gürcüstan münasibətlərindəki rolundan, Gürcüstandakı soydaşlarımıza münasibətdəki mövqeyi və fəaliyyətindən bəhs etmişdir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuş, bu siyasi xəttin məntiqi davamı olaraq Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən işğal altında olan əzəli ərazilərimizin 2020-ci ilin sentyabr-noyabr aylarında azad edilməsi, həmçinin 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli anti-terror əməliyyatı nəticəsində dövlət suverenliyimizin tam şəkildə bərpa edildiyi vurğulanmışdır.
Eyni zamanda, cari ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə tədbir iştirakçılarına məlumat verən diplomat, müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olmuş Ümummilli Lider Heydər Əliyevin bu istiqamət üzrə fəaliyyətindən və Konstitusiyamızın tarixçəsindən söz açmışdır.
Marneuli şəhərinin meri K.Ömərov çıxışında bu cür mötəbər tədbirə dəvət olunması səbəbilə təşkilatçılara təşəkkürünü bildirmiş və Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası və Gürcüstan arasındakı münasibətlərə vermiş olduğu töhfələrdən, onun Gürcüstan dövlətinə və Gürcüstandakı soydaşlarımıza münasibətdə olan yanaşmasından bəhs etmişdir.
“İnkişaf və Təhsil Mərkəzi”nin direktoru E.Əhmədov tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin Gürcüstandakı soydaşlarımız, xüsusilə gənclərlə bağlı fəaliyyəti barədə məlumat vermiş, Azərbaycanın ən ali qanunu olan Konstitusiyanın ərsəyə gəlməsində Ulu Öndərin əvəzsiz səylərindən söz açmışdır. O, gənc nəsil arasında Ümummilli Lider Heydər Əliyev irsinin yaşadılmasının əhəmiyyətini qeyd etmiş və bu istiqamətdə əməli fəaliyyətin gələcəkdə də davam etdiriləcəyini söyləmişdir.
Tədbirdə çıxış edən Marneulidən olan müəllim, ziyalı Sabir Quliyev Ulu Öndər Heydər Əliyevin Gürcüstanla bağlı xatirələrindən bəhs etmiş, Ümummilli Liderin hər zaman Gürcüstandakı soydaşların yaddaşlarında yaşayacağını qeyd etmiş və bu cür tədbirlərin təşkil edilməsinin əhəmiyyətindən söz açmışdır.
Tədbirin bədii hissəsi istedadlı gənclərin musiqi və rəqs nömrələri ilə davam etmiş, gənclərin təhsil, mədəniyyət və idman sahələrində inkişafına vermiş olduqları töhfələrə görə müxtəlif icma təşkilatları və təhsil müəssisələrinin rəhbərləri, eləcə də gənc üzvləri təltif edilmiş, uğur əldə etmiş gənclərə diplomlar və “İnkişaf və Təhsil Mərkəzi”nin müvafiq kurslarını uğurla tamamlamış iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Tədbirin yekunu olaraq, təltif olunmuş gənclərlə xatirə fotosu çəkilmiş və 102 ədəd şar havaya buraxılmışdır.