2024-06-01

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidə yerləşən Nəriman Nərimanovun Ev Muzeyində təşkil edilmiş tədbirdə iştirak etmişdir.

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev cari ilin 1 iyun tarixində, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidə yerləşən Nəriman Nərimanovun Ev Muzeyində təşkil edilmiş tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə cari ilin "Yaşıl dünya naminə həmrəylik ili", eləcə də Şuşa şəhərinin bu il İslam dünyasının mədəniyyət paytaxtı elan edildiyi nəzərə alınaraq, tədbir çərçivəsində uşaqların qeyd olunan mövzular üzrə ərsəyə gətirdiyi rəsm əsərlərindən ibarət sərgi də təşkil edilmişdir.
Tədbirdə çıxış edən Səfir F.Quliyev tədbir iştirakçılarını salamlamış, uşaqları bayram münasibətilə təbrik etmiş, onlara daimi əmin-amanlıq və firəvanlıq arzu etmişdir. Qeyd olunan bayramın tarixçəsindən, ölkəmizdə uşaqlara yönəlik dövlət siyasətindən bəhs edən Səfir F.Quliyev, gələcəyimiz olan uşaqların ekoloji cəhətdən daha təmiz mühitdə böyüməsi üçün bütün səylərin səfərbər edilməsinin önəmini vurğulaşmışdır. Uşaqların təhsilli və dünya görüşünün çoxşaxəli olması üçün səylərini əsirgəməyən valideyn və müəllimlərə təşəkkürünü bildirən Səfir F.Quliyev, sərgidə nümayiş olunan rəsmlər arasında işğaldan azad edilmiş Şuşa şəhərinə dair rəsmlərin də yer almasının qürurverici olduğunu vurğulamışdır. Uşaqlarımızın vətənpərvər ruhda böyüdülməsinin əhəmiyyəti qeyd olunmuş, bu uşaqların gələcəkdə həm Azərbaycan həm də Gürcüstanın daha da çiçəklənməsinə töhfə verəcəklərinə inam ifadə edilmişdir.
Daha sonra tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edilmişdir.
Tədbirin bədii hissəsində uşaq və gənc yeniyetmələr tərəfindən rəqs nömrələri nümayiş olunmuş, şeirlər oxunmuş və musiqi alətlərində ifalar edilmişdir. Cizgi filmi qəhrəmanları obrazında olan aktyorlar tərəfindən isə uşaqlar üçün nəzərdə tutulan əyləncəli oyun və yarışlar təşkil edilmişdir.
Tədbirin yekunu olaraq, Muzeyin həyətyanı sahəsində uşaqlar tərəfindən rəmzi məna daşıyan gül və çiçəklər əkilmişdir.

Arxiv üzrə axtarış