2024-05-10

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Ulu Öndərin adını daşıyan Tbilisi və Rustavi şəhərlərindəki parklarda ucaldılmış abidlərinə ziyarət edilmişdir.

Cari ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Ulu Öndərin adını daşıyan Tbilisi və Rustavi şəhərlərindəki parklarda ucaldılmış abidləri Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, səfirlik əməkdaşları, iş adamları, icma və mətbuat nümayəndələri tərəfindən ziyarət edilərək, abidələr önünə əklil və gül dəstələri düzülmüşdür.
Daha sonra “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-nin təşəbbüsü ilə Marneuli şəhərindəki Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş xatirə tədbiri çərçivəsində Gürcüstandakı azərbaycandilli məktəblilər arasında keçirilmiş “Ulu Öndərin Ömür Yolu” mövzulu inşa müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi baş tutmuşdur. Tədbirdə Səfir Faiq Quliyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze, səfirlik əməkdaşları, icma təşkilat rəhbərləri və soydaşlarımız, mətbuat nümayəndələri və Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri və şagirdləri iştirak etmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-nin icraçı direktoru Murad Muradov tədbir iştirakçılarını salamladıqdan sonra, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Səfir Faiq Quliyev Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edərək, Azərbaycan xalqının təkidilə hakimiyyətə gəlmiş Ulu Öndərin çətin zamanda doğma xalqının yanında olduğunu, ölkəmizin müstəqilliyinin və dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz xidmətlərindən söz açmışdır. Eyni zamanda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin Gürcüstanın o zamankı rəhbərliyi ilə olan sıx münasibətləri, təməli Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Respublikası və Gürcüstan arasındakı münasibətlərin əhəmiyyəti barədə məlumat verilmiş, iki ölkə arasında mövcud olan cari münasibətlərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin səyləri nəticəsində daha da möhkəmləndiyi və yeni zirvələr qət etdiyi qeyd olunmuşdur.
Səfir Faiq Quliyev Gürcüstandakı soydaşlarımızla bağlı məsələlərin hər zaman Ulu Öndərin diqqətində olduğunu vurğulamış, xüsusilə Gürcüstandakı gənc soydaşlarımızın təhsilinə dair atmış olduğu əməli addımların bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O, bu gün məktəbli soydaşlarımızın Ümummilli Liderin həyatı və fəaliyyəti ilə bağlı inşa yazmalarını sadalananların bariz nümunəsi olduğunu və bununla Ulu Öndər irsinin davamçıları olan gənc soydaşlarımızın milli məfkurəyə sadiq olduqlarını söyləmişdir.
Marneuli şəhərinin meri Kənan Ömərov çıxışında tədbir iştirakçılarını salamlayaraq, bu cür mötəbər tədbirə dəvət olunması səbəbilə təşkilatçılara təşəkkürünü bildirmiş və Ulu Öndərin Azərbaycan Respublikası və Gürcüstan arasındakı münasibətlərə vermiş olduğu töhfələrindən bəhs etmişdir.
Tədbirdə çıxış edən Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze də Ulu Öndərin əbədi xatirəsini anmaq məqsədilə təşkil olunmuş bu tədbirdə iştirak etməsindən məmnun olduğunu bildirmişdir. O, Azərbaycan və Gürcü xalqları arasındakı tarixi dostluq əlaqələrindən, Ümummilli Liderin iki ölkə arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsindəki rolu barədə məlumat vermişdir.
Daha sonra Ulu Öndərlə şəxsən görüşmək fürsəti olmuş, Gürcüstan Parlamentinin sabiq deputatı Hidayət Hüseynov tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevlə görüşünə dair xatirələri ilə bölüşmüş və dahi şəxsiyyətin həyatı barədə bəhs etmişdir.
Tədbirin yekunu olaraq, Gürcüstandakı azərbaycandilli məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin Ömür Yolu” mövzulu inşa müsabiqəsində birinci yeri qazanmış Güllü Aşırova, ikinci yeri qazanmış Nəzrin Turabova, üçüncü yeri qazanmış Səmayə Əliyeva və Liyana Novruzova hədiyyə və sertifikatlarla təltif olunmuşdur.

 

https://www.facebook.com/story.php?story_fbid=836492468514627&id=100064616447240&mibextid=oFDknk&rdid=Vm9hUsxWaPcIpTWz

 

Arxiv üzrə axtarış