2024-05-20

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Milli Parlament Kitabxanasının Baş direktoru Konstantin Qamsaxurdiya ilə görüşmüşdür

Cari ilin 17 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Milli Parlament Kitabxanasının Baş direktoru Konstantin Qamsaxurdiya ilə görüşmüşdür.
Görüş zamanı K.Qamsaxurdiyanı salamlayan Səfir F.Quliyev, onu yeni təyinatı münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzu etmişdir.
Səfir F.Quliyev, Azərbaycan Respublikası və Gürcüstan arasındakı münasibətlərin əhəmiyyətini qeyd etmiş, xüsusilə tarix-arxiv sahəsi üzrə birgə layihə və tədqiqatların aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkili istiqamətində Səfirlik olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə hər zaman dəstək verməyə hazır olduğunu bildirmişdir.
Öz növbəsində K.Qamsaxurdiya Səfir F.Quliyevi salamlayaraq, onu Milli Parlament Kitabxanasında görməkdən şad olduğunu bildirmiş və zəngin tarixi irsi olan kitabxana barədə məlumat vermişdir. Aidiyyəti sahələr üzrə ölkəmizin müvafiq qurumları ilə mövcud olan əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə hazır olduğunu qeyd edən K.Qamsaxurdiya, qarşılıqlı maraq doğuran birgə layihələrin icra olunması fürsətlərini yüksək qiymətləndirdiyini bildirmişdir.
Tərəflər görüş zamanı, həyata keçirilməsi nəzərdə tutulan layihə və mümkün təşəbbüslər, eləcə də qarşılıqlı səfər imkanları barədə fikir mübadiləsi aparmışlar.
 
 

Arxiv üzrə axtarış