2021-02-15

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Estoniya Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Riina Kalyurand ilə görüş keçirmişdir

15 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Estoniya Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Riina Kalyurand ilə görüş keçirmişdir.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Estoniyadan olan həmkarına Gürcüstanda missiyasında uğurlar diləmişdir. O, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının hər iki xalqın rifahına xidmət etdiyini və bütün Cənubi Qafqaz bölgəsində dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğu barədə ətraflı məlumat vermişdir. Söhbət zamanı son dövrdə Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi Avropa enerji təhlükəsizliyinin təmin edilməsinə növbəti mühüm töhfə kimi təqdir edilmişdir.

Bununla yanaşı, bölgəmizdə təhlükəsizlik mənzərəsinə toxunan Səfir F.Quliyev təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüz, onunla əlaqədar qəbul edilmiş, lakin yerinə yetirilməmiş beynəlxalq sənədlər barədə dolğun məlumat vermişdir. O, 44 günlük Vətən müharibəsinin səbəbləri və mahiyyəti barədə danışaraq, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini demişdir.

Söhbət əsnasında xanım R.Kalyurand ölkəsinin Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə diqqət yetirdiyini bildirmişdir. Onun sözlərinə görə, bölgəmizdə cərəyan edən proseslər və yaranan yeni mənzərə Estoniya tərəfindən də diqqətlə izlənilir və onun ölkəsi regional əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindədir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə etmişdirlər.  

Arxiv üzrə axtarış