2021-01-25

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Yaponiyanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri İmamura Akira ilə görüşmüşdür

25 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Yaponiyanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri İmamura Akira ilə görüşmüşdür.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Yaponiya həmkarını Gürcüstanda missiyanın başlaması münasibətilə səmimi qəlbdən təbrik etmiş, ona uğurlar diləmişdir. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini demişdir.

Səfir İmamura Akira öz tərəfindən Yaponiya ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin hər iki xalqın və ümumiyyətlə bölgə tərəqqisinin mənafelərinə xidmət etdiyini vurğulamışdır. O, Cənubi Qafqazın Şərq – Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rol üzərində dayanaraq, Yaponiya tərəfinin bu imkanlardan faydalanmasında maraqlı olduğunu təsdiq etmişdir.

Bu xüsusda, Azərbaycanla Yaponiya arasında bərqərar olunmuş uğurlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilmişdir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə etmişdirlər.  

Arxiv üzrə axtarış