2020-11-12

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikasının Hökumətinin başçısı Ruslan Abaşidzeni qəbul etmişdir

11 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikasının Hökumətinin başçısı Ruslan Abaşidzeni qəbul etmişdir.

Qonağı səmimi qəlbdən salamlayan Səfir görüşün tarixi günlərdə baş tutmasını rəmzi xarakter daşıdığını diqqətə çatdırmışdır. O, təqribən 30 il ərzində davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini demişdir.

Bu xüsusda, Azərbaycanla Gürcüstan arasında uğurla inkişaf edən qarşılıqlı faydalı münasibətlərin bütün Cənubi Qafqaz bölgəsinin sabitlik, təhlükəsizlik və hərtərəfli inkişafı baxımından vacib rol oynaması qeyd edilmişdir. Ölkələrimizin qarşılıqlı əsasda bir-birinin suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi və beynəlxalq müstəvidə həmrəylik göstərməsi də mühüm amil kimi önə çəkilmişdir.

Gürcüstanın Abxaziya Muxtar Respublikası Hökumətinin başçısı R.Abaşidze Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində əldə etdiyi son tarixi qələbəsi ilə ürəkdən təbrik etmişdir. Abxaziya bölgəsindən olan məcburi köçkünlərin vəziyyəti və münaqişə ətrafında hazırkı durumu barədə bəhs edən c-b Abaşidze bu istiqamətdə görülən işlər barədə ümumi məlumat vermişdir. O, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında bərqərar olunmuş əməkdaşlıq formatının da əhəmiyyətini vurğulamışdır.  

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə etmişdirlər.

Arxiv üzrə axtarış