2020-05-25

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin 28 May - Respublika Gününə həsr olunmuş açıqlaması

28 May – Respublika Günü kimi qeyd edilən Azərbaycanın milli bayramı xalqımızın tarixində yeni, müasir respublika tipli dövlətçiliyi səhifəsini açmışdır. 1918-ci ilin bu günündə Azərbaycan İstiqlal Bəyannaməsinin məhz o dövrdəki Tiflis şəhərində, keçmiş Qafqaz canişininin sarayında qəbul edilməsi faktı minilliklər boyu mehriban qonşu olan Azərbaycan və Gürcüstanın bağlılığını göstərən rəmzdir. Həmin Bəyannamənin qəbul edilməsi müsəlman aləmində ilk demokratik respublikanın yaradılması demək idi. O zaman Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük nailiyyətlər əldə edildi. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu və Bakı Dövlət Universiteti yaradılmışdır. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir.

Lakin 23 aydan sonra dünya siyasəti konyunkturasına tab gətirə bilməyən o Cümhuriyyət süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra 1990-cı ildə bu bayrağı Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi bərpa etmişdir.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu. Ancaq əfsuslar olsun ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ bölgəsi daxil olmaqla ərazilərimizin işğalı və ölkədə baş verən böhran prosesləri imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin. Qurtarılmasını axtaran xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi. 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan əsl müstəqil inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmış, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamış, səmərəli dövlətçiliyin əsasları qoyulmuşdur. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi.

Bu gün Azərbaycan həmin strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun bir şəkildə öz inamlı siyasətini aparır. Hal-hazırda müstəqil kursla irəliləyən dövlətimiz milli maraqların təmin olunmasında çox böyük uğurlar qazanıb. Ölkədə iqtisadi inkişafa nail olundu və bir çox iqtisadi məsələlər öz həllini tapdı. Həm neft, həm qeyri-neft sektoruna qoyulan irimiqyaslı vəsait bu gün ölkəmizin, xalqımızın inkişafına xidmət göstərir, iqtisadi potensialını böyük dərəcədə gücləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan bütün bu nailiyyətlər Azərbaycanı bölgədə inkişaf lokomotivinə çevrilmişdir. Azərbaycan dövləti öz xarici siyasətində qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığa, xüsusilə qonşu ölkələrlə prioritet tərəfdaşlığın inkişaf etdirməsinə böyük önəm verir. Bu xüsusda, dərin tarixi köklərə malik Gürcüstanla olan strateji əlaqələrin hər iki xalqın və bütövlükdə bölgənin sülhü, əmin-amanlığı və tərəqqisi naminə daha inkişaf etdirməsi diqqət mərkəzində saxlanılır.

Hazırkı pandemiya dövründə də Azərbaycan beynəlxalq müstəvidə aparılan mübarizəyə ciddi töhfə verməkdədir. Belə ki, məhz ölkəmizin təşəbbüsü ilə çağırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn zirvə toplantısı COVİD-19-un qarşısını almaq məqsədilə təşkil edilən ilk beynəlxalq sammit kimi tarixə düşdü. Qoşulmama Hərəkatının sədri qismində də Azərbaycanın bu mübarizəyə verdiyi töhfə dünya miqyasında təqdirəlayiq görülür.

Bu il növbəti dəfə 28 May - Respublika Gününü qeyd edən Azərbaycan XX əsrin əvvəlində əsası qoyulmuş respublika tipli demokratik dövlətçiliyini gün-gündən möhkəmləndirərək,  milli maraqlara söykənən və bölgənin rifahına xidmət edən öz müstəqil siyasətini müvəffəqiyyətlə davam etdirir. Bu gün tam əsasla bəyan etmək olar ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!

Arxiv üzrə axtarış