2016-05-10

Tbilisidə Ümummilli Liderin Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsindəki xidmətlərindən danışılıb

Azərbaycanın Gürcüstandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar bu ölkədəki azərbaycanlı gənclər təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif ali və orta məktəblərdə təhsil alan tələbə və gənclərlə görüş keçirib.

Tədbirdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, “Borçalı-İrəli” İctimai Birliyinin fəalları, İ.Cavaxişvili adına Tbilisi Dövlət, Texniki və Qara Dəniz universitetlərinin tələbələri, M.F.Axundzadə adına 73 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva tədbiri açaraq Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlərdən danışıb, bu işlərin ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırdığını vurğulayıb.

Sonra çıxış edən səfirin birinci müavini Dursun Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri, eləcə də xarici ölkələrin diplomatları, siyasi xadimləri dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsini həmişə hörmətlə anırlar.

Sonra M.F.Axundzadə adına 73 saylı tam orta məktəbin müəllimi Qəhrəman Musayev Ulu Öndərin 1970-ci ildə Tbilisiyə ilk rəsmi səfəri ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva və digər gənclər çıxış edərək Heydər Əliyevin Azərbaycan-Gürcüstan dostluğunun inkişafında və möhkəmlənməsindəki xidmətlərindən danışıb, Ulu Öndərin siyasi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Heydər Əliyev dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Bu gün regionda uğurla reallaşdırılan irimiqyaslı layihələrin təməlində məhz ulu öndər Heydər Əliyevin müdrik siyasəti dayanır. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, eləcə də gürcülər Ulu Öndərin gördüyü işləri daim minnətdarlıqla xatırlayacaqlar.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Arxiv üzrə axtarış