2016-04-05

Aprel ayının 5-də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsinə dair Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Azər Hüseyn qonaqları salamladıqdan sonra qoşunların təmas xəttində baş verənlərə dair geniş məlumat verib. Bildirilib ki, aprel ayının 2-dən başlayaraq erməni tərəfi Dağlıq Qarabağ münaqişəsində yaranmış “status-kvo”-nu saxlamaq və sülh danışıqlarının gedişatına əngəllər yaratmaq məqsədilə sərhədyanı ərazilərdə və cəbhə xətti boyunca müxtəlif təxribatların törədilməsi ilə bağlı fəaliyyətini aktivləşdirmişdir. Münaqişə zonasında yaşayan dinc azərbaycanlı əhaliyə qarşı iriçaplı artilleriya qurğularından və ağır hərbi texnikadan istifadə etməklə intensiv atəş açılmışdır. Buna cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri gələcəkdə belə halların qarşısını almaq məqsədilə dinc əhaliyə zərbə endirmək üçün düşmən tərəfindən istifadə olunan strateji yüksəklikləri ələ keçirmişdir.

Bununla yanaşı, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə beynəlxalq prinsiplər çərçivəsində həlli mövqeyindən çıxış etdiyi, sonuncu məlum hadisələr zamanı Azərbaycan tərəfinin atəşkəsin pozulmasını yalnız dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi vurğulanıb. Erməni siyasətçiləri və mətbuat orqanlarının münaqişəni yerli və beynəlxalq ictimaiyyətə təhrif olunmuş və qərəzli şəkildə çatdırdığı, Səfirlik tərəfindən həmin məlumatların Gürcüstan ictimaiyyətinə obyektiv çatdırılması ilə bağlı göstərişlər verildiyi bildirilib.

Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına dəstək aksiya və çıxışlarının təqdirəlayiq hal olduğu vurğulanıb.

Öz növbəsində, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurası təmsilçiləri Azərbaycan Respublikasını özlərinin mənəvi Vətəni hesab etdiklərini, qoşunların təmas xəttində baş verənlərin ictimaiyyət arasında ciddi müzakirə obyektinə çevrildiyini, hər birinin qəlbində Azərbaycana kömək etmək arzusunun olduğunu bildiriblər. Azərbaycanın sülhsevər dövlət olduğu, ölkə ərazisində yaşayan millətlərin bütün hüquq və azadlıqlara malik olduğu faktının Gürcüstanda qəbul edildiyi, lakin ermənilərin də bunu başa düşmələri üçün ağsaqqalların cəmiyyətdə, xüsusilə gənclər arasında müvafiq söhbət aparmalı olduqları vurğulanıb. Ağsaqqallar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində haqq-ədalətin zəfər çalacağına, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin tezliklə geri qaytarılacağına əmin olduqlarını bildiriblər.

 

Arxiv üzrə axtarış