Gürcüstanda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Gürcüstanda daimi əsaslarla, başqa sözlə Gürcüstanın müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya Gürcüstanda daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə malik olan Azərbaycan Respublikası vətəndaşı yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində və Azərbaycan Respublikasının Batumidakı Baş Konsulluğunda uçota alınırlar.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

Gürcüstanda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyə təqdim etməlidirlər:

  1. Doldurulmuş uçot vərəqəsi;
  2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Azərbaycan Respublikası vətəndaşının Gürcüstanda daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Gürcüstanda daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

Gürcüstanda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən aşağıdakı hallarda konsulluq uçotundan çıxarılırlar:

  1. Digər ölkəyə və ya Azərbaycan Respublikasının Batumidakı Baş Konsulluğun konsulluq dairəsinə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikdə;
  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
  3. Vəfat etdikdə;
  4. Barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.