2023-03-14

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Əhməd İbrahim Tahir Əl-Nuaymi ilə görüşüb

14 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Əhməd İbrahim Tahir Əl-Nuaymi ilə görüşüb.

 

BƏƏ-nin Səfirini Azərbaycan Respublikasının Səfirliyində səmimi qəlbdən salamlayan Səfir F.Quliyev həmkarı Gürcüstandakı missiyaya başlanması münasibətilə təbrik edib. O, qonağa Azərbaycanla Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, Gürcüstana Azərbaycan mənşəli sərmayələrin qoyulması, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə təsviredici məlumat təqdim edib. Qeyd olunub ki, həmin iqtisadi əməkdaşlıq Cənubi Qafqaz bölgəsində həlledici rol oynayır. BƏƏ işgüzar dairələrinin “yaşıl enerji” layihələrinə və ümumiyyətlə Orta Dəhlizin gerçəkləşməsi məsələsinə diqqət ayırması təqdir edilib və bunun zəngin potensialı barədə fikir mübadiləsi aparılıb.

 

Səfir F.Quliyev 2020-ci il Zəfərinin tarixi əhəmiyyətini vurğulayaraq hal-hazırda Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə dolğun məlumat təqdim edib. Bu kontekstdə, Ermənistan Respublikası və ondan alət kimi istifadə etməyə çalışan bəzi xarici qüvvələrin apardığı dezinformasiya kampaniyası barədə bəhs olunub, Laçın – Xankəndi yolunda ekoloji fəalların həyata keçirdiyi aksiyanın sözdə “mühasirə” ilə heç cür uyğun gəlmədiyi barədə faktlara əsasən bilgilər çatdırılıb.

 

Həmçinin, Səfir F.Quliyev 27 yanvar tarixində Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı və 11 mart tarixində Azərbaycan – İran sərhəd xətti üzərində baş vermiş hərbi təyyarə insidenti barədə məlumat verərək, Azərbaycan Dövlətinin rəsmi mövqeyindən bəhs edib.

 

Qəbula görə təşəkkür ifadə edən Səfir Əhməd İbrahim Tahir Əl-Nuaymi də öz tərəfindən dost Azərbaycanın Səfirliyinə nəzakət səfərinin etdiyindən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə oynadığı rolu, eləcə də qlobal müstəvidə bəşəriyyətin aktual problemləri üzrə söz sahibinə çevrildiyini qeyd edərək, təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edib. Həmsöhbət Gürcüstanda məsul missiya çərçivəsində Azərbaycan Səfirliyi ilə sıx əməkdaşlıq edəcəyinə dair əminlik ifadə edib.

 

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini apardılar

Arxiv üzrə axtarış