2023-02-08

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirliyində açılmış başsağlığı kitabına matəm yazısını qoyub

8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Səfirlik əməkdaşlarının müşayiəti ilə Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirliyinə baş çəkib.

6 fevral tarixində çoxsaylı qurbanlara və kütləvi dağıntılara səbəb olmuş dəhşətli zəlzələ ilə bağlı qardaş Türkiyə Səfirliyində açılan başsağlığı kitabında matəm qeydlərini qoyan Səfir F.Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirliyi timsalında bütün Türkiyə vətəndaşları ilə həmrəy olduğunu bildirib.

Uca Allahdan fəlakətin qurbanlarına rəhmət, yaralanlara isə tezliklə şəfa tapmasını diləyən Səfir F.Quliyev öz Türkiyə həmkarı, dəyərli qardaşı Ali Kaan bəy Orbaya Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının və fəaliyyət göstərən iş adamlarının, eləcə də Gürcüstandakı soydaşlarımızın Türkiyədə baş verən faciəvi zəlzələni özlərinin qanlı yarası kimi qəbul etdikləri və könüllü olaraq yardım əlini uzatdıqları barədə məlumat verib. Səfir dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da Azərbaycan dövlətini təmsil edən bütün qurumların, eləcə də hər bir azərbaycanlının Türkiyənin yanında olduğunu vurğulayıb.

Səninləyik, Türkiyə!

Arxiv üzrə axtarış