2022-09-16

Səfir Faiq Quliyev: Azərbaycanın əsas məqsədi bölgədə ədalətli sülhə nail olmaqdır

Azərbaycan dövləti daim sülhün və təhlükəsizliyin tərəfində olub. Biz hər zaman bütün münaqişələrin sülh yolu ilə həllinə çalışmışıq.

Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev azərbaycanlı icmanın üzvləri ilə səfirlikdə keçirilmiş görüşdə söyləyib.

Görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov bildirib ki, görüşün əsas məqsədi son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin törətdikləri təxribatlarla əlaqədar Azərbaycan dövlətinə dəstək nümayiş etdirməkdir.

GAK sədri erməni millətçilərinin və onların havadarlarının uzun illər Azərbaycan və türk xalqlarına qarşı təcavüzkar siyasət yürütdüyünü tarixi faktlarla diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlayan ermənilərin 44 günlük Vətən müharibəsindən sonra örnək çıxartmayıb yenidən təxribatlara əl atmaları da həmin təcavüzkar siyasətin davamıdır.

Onun sözlərinə görə, bu gün Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın yanındadır.

Sonra o, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb. Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun və birliyinin əhəmiyyətindən danışıb.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan dövlətinin xarici və daxili siyasətinin əsas istiqamətləri, sülhün və təhlükəsizliyin təmin olunması üçün atdığı qətiyyətli addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dövləti, şəxsən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman sülhün tərəfdarı olub. Dövlətimizin başçısı sülh prinsiplərinə sadiq qalaraq torpaqlarımızın sülh yolu ilə həllinə çalışıb. Lakin Azərbaycanın da səbirinin bir həddi var idi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi. Üç dövlətin iştirakı ilə Üçtərəfli Saziş imzalandı. Lakin daim separatizmi dəstəkləyən Ermənistanın rəhbərliyi və radikal qüvvələr bundan nəticə çıxarmadı. Amma onlar unutmasınlar ki, rəşadətli Azərbaycan Ordusu yenə də düşmənə layiqli cavab verəcək.

Diplomat 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin siyasi mənəvi dəstəyini, eləcə də Gürcüstanın dəstəyini xüsusi qeyd edib.

Göstərilən hər cür dəstəyə görə Gürcüstanda yaşayan soydaşlarımıza minnətdarlıq edib.

Sonra şair-tərcüməçi Əli Abbas, Lətif Əhmədov, Mirağa Mustafayev və başqaları çıxış edərək Azərbaycan dövlətinə dəstəklərini nümayiş etdiriblər.

 

Arxiv üzrə axtarış